Ağsu aşırımı minik avtomobillərinin hərəkəti üçün tam açılıb

Ağsu aşırımı minik avtomobillərinin hərəkəti üçün tam açılıb
# 30 mart 2012 11:58 (UTC +04:00)
Ağsu. Elvin Yaqubov-APA. Ağsu aşırımı minik avtomobillərin hərəkəti üçün tam açıqdır. Bu barədə APA-ya Ağsu Yol istismar İdarəsinin rəisi Muradxan Muradxanov məlumat verib. Onun sözlərinə görə, sürüşmə zonasında vəziyyəti dəyərləndirmək üçün Ağsu aşırımına gələn baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi nümayəndə heyəti 14 kilometr boyunca dolaylara baxış keçirib. Mütəxəssislərin rəyindən sonra aşırımın yalnız minik avtomobilləri üçün hərəkətə açılması məqsədəmüvafiq sayılıb. Hazırda Ağsu aşırımının hər iki girişində yük avtomobilləri və ağır tonnajlı maşınların hərəkətini məhdudlaşdırmaq məqsədilə şlaqbaum qoyulub və post yaradılıb. Bu tip maşınların Ağsu aşırımı ilə hərəkətinə etməməsinə Dövlət Yol Polisi və Nəqliyyat Nazirliyinin əməkdaşları nəzarət edir.

Muradxan Muradxanov bildirib ki, yük avtomobillərinin qeyd olunan istiqamətdə hərəkətini təmin etmək üçün Ağsu-Göylər-Şamaxı yolundan istifadə etməsi, bu məqsədlə yolun yenidən qurulması təklif olunub. Hazırda bu təklif ətrafında müzakirələr gedir.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyəti Ağsu aşırımına baxış keçirdikdən sonra sürüşmə baş verən Şamaxı rayonunun Muğanlı kəndinə gəliblər. Nümayəndə heyəti hazırda burada qəzalı vəziyyətə düşən evlərin sakinləri ilə görüş keçirir. Baş nazirin müavini Abid Şərifova ümumi vəziyyət barədə məlumat verilib. Muğanlı kəndində ilkin mərhələdə qəzalı vəziyyətə düşən 46 evin köçürülməsi nəzərdə tutulur. Xatırladaq ki, təbii fəlakət baş verən bölgəyə səfər edən nümayəndə heyətinin tərkibinə baş nazirin müavini Abid Şərifov, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov və digər şəxslər daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR