Dövlət vəsaitlərinin bir hissəsinin konkret layihələrin birbaşa maliyyələşdirilməsindən daha çox, özəl sektorun inkişafını stimullaşdıran güzəşt alətlərinə yönəldilməsi yanaşması davam etdiriləcək.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Şahmar Mövsümov qeyd edib ki, hökumət son illərdə çoxsaylı güzəşt mexanizmləri yaradıb və bu alətlərin əsas məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişafını dəstəkləməkdir.
Onun sözlərinə görə, dövlət tərəfindən ayrılan vəsaitlərin bir hissəsinin birbaşa ayrı-ayrı layihələrə deyil, bütövlükdə sektorların inkişafını təşviq edən güzəşt mexanizmlərinə yönəldilməsi nəzərdə tutulur.
Şahmar Mövsümov əlavə edib ki, bununla yanaşı, dövlət investisiyaları da davam etdiriləcək. İnfrastruktur layihələri, dağ-mədən sənayesi və kənd təsərrüfatı da daxil olmaqla müxtəlif istiqamətlərə investisiyalar nəzərdə tutulur.
Prezidentin köməkçisi həmçinin bildirib ki, Dövlət Neft Fondunun aktivlərinin artması Azərbaycan iqtisadiyyatının dayanıqlılığını göstərən müsbət amillərdən biridir. Bununla belə, neft gəlirlərindən büdcə məqsədləri üçün istifadə davam edəcək.
“Bu gün də dövlət büdcəsində Neft Fondundan 7 milyard dollara yaxın transfert nəzərdə tutulur. Bu, kifayət qədər böyük məbləğdir”, – Şahmar Mövsümov qeyd edib.