Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Ələt qəsəbəsində vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə CDMA baza stansiyasının qurulmasını planlaşdırır.
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı və ətraf qəsəbələrdə aparılan monitorinqlər zamanı daha bir neçə yerdə stansiyaların qurulmasına ehtiyac yarandığı müəyyənləşib.
Qeyd edək ki, Qobustan qəsəbəsi Bakının CDMA bazasının əhatə dairəsinə qatılan qəsəbələrin siyahısına daxil edilib. Növbəti mərhələdə Ələt qəsəbəsində avadanlığın qurulması planlaşdırılır.
Hazırda Bakıda 24 baza stansiyası var. Yaxın zamanlarda baza stansiyalarının qurulacağı yerləri təyin etmək üçün test işləri aparılacaq.