Bakı. Aynur Əliyeva - APA-Economics. Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi çərçivəsində operatorlar arasında prinsipial razılaşma müqaviləsi bu ilin birinci yarısında imzalanacaq.
TASİM layihəsinin direktoru Zaur Həsənov “APA-Economics” ə bildirib ki, sənədin imzalanma mərasiminin TASİM operatorlarının olduğu ölkələrdən birində baş tutacağı ehtimal edilir.
Onun sözlərinə görə, TASİM layihəsi çərçivəsində operatorlar arasında prinsipial razılaşma sənədində operatorların hüquqi öhdəlikləri, xərclər və gəlirlərin bölüşdürülməsi, trafikə nəzarət mexanizmi və bir sıra başqa məsələlər öz əksini tapacaq.
Qeyd edək ki, TASİM layihəsi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya (Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xətt) ölkələrinin əhatə edən transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədə keçərək Almaniyaya gedəcək. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.
Keçən il Bakıda keçirilən “Bakutel-2013” beynəlxalq sərgisi-konfransı çərçivəsində Bakıda TASİM layihəsinin fəaliyyətini təmsil edən konsorsiumun üzvləri arasında anlaşma memorandumu imzalanıb.