İcmala əsasən, AMB tərəfindən pul siyasəti alətlərinin parametrlərinə dair qərar qəbul edilərkən 30-a yaxın tsikl göstəricisinin təhlili nəzərə alınıb ki, bura qabaqlayıcı, faza içi və gecikən tsikl göstəriciləri aiddir. İlin sonuna doğru Mərkəzi Bank tərəfindən daim təhlil olunan tsikl göstəriciləri arasında pul siyasətinin korreksiyası lehinə olan göstəricilərin sayı artmağa başlayıb ki, nəticədə pul siyasətinin bir qədər sərtləşdirilməsi barədə qərarlar qəbul olunub.
Lakin eyni zamanda, AMB tərəfindən bank sisteminə likvidlik dəstəyi davam etdirilib və onun həcmi il ərzində 35,7% artıb:
(mln. AZN)
| 01.01.2010 | 01.01.2011 |
Likvidliyin verilməsi | 1 483,5 | 2 012,9 |
Likvidliyin cəlb olunması | 29,5 | 63,9 |
Likvidlik saldosu | 1 454 | 1 949 |
Göründüyü kimi, AMB-nin likvidlik əməliyyatları üzrə saldo 2010-cu ilin əvvəlindəki 1 454 mln. manatdan ilin sonuna 1 949 mln. manata çatıb. Bu, pul kütləsinin iqtisadiyyatın tələbinə adekvat templə artmasını təmin etmək məqsədinə xidmət edib.
Qeyd edək ki, likvidlik saldosu AMB-nin likvidliyin verilməsi alətlərinin qalığı ilə likvidliyin cəlb olunması əməliyyatlarının qalığı arasındakı fərqi ifadə edir. Beləliklə, ötən il Mərkəzi Bank hələ də bank sisteminin dəstəklənməsində və bu alət vasitəsi ilə iqtisadiyyatı pulla təmin etməsində zərurət görüb.