“Azərbaycan Sənaye Bankı” (ASB) 2024-cü ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
"APA-Economics" xəbər verir ki, Bank cari ilin ilk doqquz ayını 4,7 milyon manat xalis mənfəət ilə başa vurub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 35% çoxdur.
Hesabat dövründə ASB-nin gəlirləri ötən ilin eyni dövrünə nisbətən 19% artaraq 38,38 milyon manata, xərcləri isə 14,3% artaraq 32,68 milyon manata yüksəlib. 2023-cü ilin eyni dövründə bu rəqəmlər müvafiq olaraq 32,82 milyon manat və 28,31 milyon manat təşkil edib. Nəticədə bank 5,7 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24,4% çoxdur.
Bununla belə, ilin əvvəli ilə müqayisədə bank nisbətən kiçilib. Belə ki, ASB-nin cəmi aktivləri bu ilin oktyabr ayının 1-nə 745,04 milyon manat olub ki, bu ilin əvvəlinə nisbətən 0,6% və ya 4,2 milyon manat azdır. Bu dövrdə Bankın kredit portfeli 2,5% artaraq 262,78 milyon təşkil edib. Kredit portfelinin əksinə, ASB-nin depozit portfeli ilin əvvəli ilə müqayisədə 14,2 milyon manat "əriyərək" 444,4 milyon manata enib. Ümumilikdə isə bankın öhdəlikləri 9,1 milyon manat azalaraq 625,8 milyon manata bərabər olub.
Bu dövrdə “Azərbaycan Sənaye Bankı”nın cəmi kapitalı isə 4,3% artaraq 119,2 milyon manata çatıb.