2022-ci ilə nisbətən ötən il ərzində Maliyyə Monitorinq Xidmətinə (MMX) təqdim edilən xarici siyasi nüfuzlu fiziki şəxslərin mədaxil əməliyyatlarının sayı 4120 vahid və ya 76,3 faiz artaraq 9 523, məbləği 21,1 milyon manat və ya 4,4 faiz azalaraq 460 milyon manat olub. Şəxslərin nağd məxaric əməliyyatlarının sayı isə 30 321 vahid və ya 89,4 faiz artaraq 64 241, məbləği isə 46.1 milyon manat və ya 15,9 faiz artaraq 335,4 milyon manat təşkil edib.
Bu barədə “APA-Economics” MMX-yə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü il ərzində xarici siyasi nüfuzlu və onlarla əlaqəli şəxslərə dair Xidmətə daxil olan 12 263 sayda hesabatın araşdırılması zamanı 13 177 sayda mədaxil və məxaric əməliyyatları üzrə 397,8 milyon manat məbləğində vəsaitin 102 nəfər xarici siyasi nüfuzlu və onlarla əlaqəli şəxslərə və yaxud onların ailə üzvlərinə aid olduğu müəyyən edilmişdir. Bunlar arasında Rusiya, Türkiyə, Gürcüstan və Ukrayna vətəndaşları olan şəxslər üstünlük təşkil edib.
Hesabat dövrü ərzində həmin şəxslər tərəfindən 1 081 sayda 226,6 milyon manat məbləğində mədaxil, 12 096 sayda 171,2 milyon manat məbləğində məxaric əməliyyatı aparılmışdır. Mədaxil əməliyyatlarının 943 sayda 140,5 milyon manat məbləğində hissəsi, yəni 87,2 faizi Azərbaycan Respublikası daxilində həyata keçirilmiş, 138 sayda 86,1 milyon manat məbləğində vəsait isə xaricdən Respublikamıza mədaxil edilib.
Məxaric əməliyyatlarının 9 507 sayda 111,7 milyon manat məbləğində hissəsi, yəni 78,6 faizi Azərbaycan Respublikası daxilində həyata keçirilmiş, 2 589 sayda 59,5 milyon manat məbləğində vəsait isə Respublikamızdan xaricə məxaric edilib.
Hesabatlarda 4 243 sayda əməliyyat üzrə 6,8 milyon manat məbləğində vəsaitin 40 nəfər xarici dövlətlərin səfirlərinə və yaxud onların ailə üzvlərinə aid olduğu müəyyən edilib.