Bakı-APA. Sentyabrın 3-də Minskdə Ukrayna üzrə üçtərəfli (ATƏT, Ukrayna, Rusiya) təmas qrupunun təhlükəsizlik üzrə yarımqrupun görüşü keçiriləcək.
APA-nın “Interfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus XİN-in mətbuat katibi Dmitri Mironçik bildirib.
“Görüş mətbuat üçün qapalı rejimdə keçiriləcək”, deyə D.Mironçik bildirib.
Qeyd edək ki, avqustun 26-da Minskdə təmas qrupu və dörd yarımqrupun (təhlükəsizlik, humanitar, siyasi və sosial-iqtisadi məsələlər üzrə) iclası baş tutub. Sentyabrın 1-dən etibarən Donbasda atəşkəs haqqında razılığa gəlinib.
Sentyabrın 1-də isə birgə əlaqələndirilmə və nəzarət Mərkəzinin nümayəndələri və Donbasdakı qondarma respublikaların nümayəndələrinin iştirakı ilə təmas qrupunun video konfransı keçirilib. Tərəflər atəşkəs rejiminə əməl olunması məsələlərinə toxunub.
Sentyabrın 3-də baş tutan danışıqlarda Donbasda 100 mm və daha az çaplı silahların geri çəkilməsinə dair müzakirələr davam edəcək.