Bakı. Aygül Rzayeva – APA. Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən Xaçmaz 2013-cü il üçün “Azərbaycanın əfsanələr paytaxtı” elan edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqram çərçivəsində bu il rayonda bir sıra layihələr icra olunacaq. İl ərzində “Dost xalqların folklor yaradıcılığı” mövzusunda ədəbi-bədii gecə, “Açıq muzeylər” gecəsi, “Mənim Xaçmazım” adlı rəsm sərgisi, gənc istedadların əl işlərindən ibarət sərgi, dekorativ-tətbiqi sənət festivalı, “Uşaqların sehrli aləmi” sərgisi və digər tədbirlər təşkil olunacaq.
Rayonda “Sağlam həyat keçirək” mədəni aksiyasının, atçılıq yürüşünün və atüstü oyunların keçirilməsi, “Şəxsiyyətlər muzeyi”ndə kitab bayramının və bir sıra turizm tədbirlərinin təşkili nəzərdə tutulub.