Bakı. Xanım Nağıyeva-APA. Polşanın Qniezno şəhərində bu şəhərin himayədarı hesab edilən “Müqəddəs Voyçex günü – Şəhər günü” keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirlərdə Azərbaycan nümayəndələri iştirak edib. Bayram tədbirləri çərçivəsində Azərbaycan nümayəndə heyəti Adam Mitskeviç adına Universitetin II İohan Pavel adına Avropa Kollecini ziyarət edib. Kollecin rektoru Leşek Mrozeviç rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, bu təhsil müəssisəsi xarici əlaqələrə böyük əhəmiyyət verir və bu mənada Azərbaycanla əməkdaşlıq onlar üçün səmərəlidir. Ölkəmizin Polşadakı səfiri Həsən Həsənov Azərbaycanla Polşa arasındakı münasibətlərin bütün sahələrdə, o cümlədən təhsil sferasında da uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Görüşdə Adam Mitskeviç adına Universitetin Avropa Kolleci ilə Azərbaycandakı bir neçə ali təhsil ocağı arasında əlaqələrin qurulması barədə razılıq əldə edilib.
Azərbaycan nümayəndə heyəti, həmçinin şəhər günü münasibəti ilə Qnieznonun Müqəddəs Voyçex adına 3 saylı orta məktəbində hazırlanan bayram tədbirində iştirak edib, Polşada doğulmuş və italyan olmayaraq ilk Roma papası olan 2-ci İohan Pavelin abidəsi ziyarət olunub.
Şəhər günü ilə bağlı keçirilən tədbirlər Qniezno şəhər şurasının iclası ilə davam edib. İclasda Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Qnieznoda iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilən Azərbaycan-Polşa “Dostluq” abidəsinin ucaldılmasının tarixi məna daşıdığı qeyd edilib.
Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin Polşanın dini rəhbəri Yozef Kovalçiklə görüşündə Heydər Əliyevin dəvəti 2-ci İohan Pavelin Cənubi Qafqaz ölkələri arasında məhz Azərbaycana səfər etməsi xüsusi qeyd olunub.
2 ölkə arasındakı əlaqələrin 540 illiyi münasibəti ilə Polşadakı Azərbaycan səfirliyinin təsis etdiyi medal Yozef Kovalçikə təqdim olunub. Dini rəhbərə səfirlik tərəfindən polyak dilində nəşr olunan Azərbaycan haqqında 14 adda kitab hədiyyə edilib.