Bakı. Xanım Nağıyeva - APA. AMEA Milli Azərbaycan Tarix Muzeyində Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və yeri” mövzusunda III respublika elmi konfransı başlayıb.
APA-nın məlumatına görə, iki günlük konfransda muzeylərdə elmi fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi, muzey pedaqogikası və tarixi tədqiqatlar, Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri və s. mövzularda çıxışlar dinləniləcək.
Konfransın açılış mərasimində çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfransın artıq ənənə hal aldığını söyləyib: “Bir neçə ildir ki, bu konfrans keçirilir və hər il müxtəlif mövzular müzakirə olunur. Bu gün əsas məsələ təhsil olacaqları ilə muzeylərin qarşılıqlı əlaqəsini yaratmaqdır. Ona görə də burada müxtəlif təhsil ocaqlarından nümayəndələr iştirak edir. Qarşıda duran problemləri təkcə müzakirə etmək deyil, həm də həllinə çalışmaq lazımdır”.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və s. muzeylərin, elmi tədqiqat institutlarının mütəxəssisləri iştirak edir.
Qeyd edək ki, elmi konfrans 2010-cu ildən ənənəvi olaraq keçirilir.