Tifılis. Nizami Məmmədzadə - APA. Gürcüstanda Azərbaycan kinosu günlərinin rəsmi açılış mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılışı Gürcüstanın mədəniyyət naziri Quram Odişariya edib. Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn çıxışında Q. Odişariyaya, ARDNŞ nümayəndəliyinə, “İnterMedia” televiziya şirkətinə, Bakıdan gələn nümayəndə heyətinə “Gürcüstanda Azərbaycan kinosu günləri” layihəsini həyata keçirdiklərinə görə minnətdarlığını bildirib.
Azərbaycan səfiri bu gün aprelin 24-ü olduğunu və kimlərinsə bu tədbirlərə başqa rəng verəcəyini söyləyib: “Cənubi Qafqazda bizim məqsədimiz qardaşlıq və mehriban qonşuluqdur. Azərbaycan və Gürcüstanın münasibətləri buna nümunədir”.
Sonra tədbirdə Azərbaycan Kinematoqrafçılarının rəhbəri Şəfiqə Məmmədova, rejissor Yavər Rzayev, Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Almaz Sultanzadə, gürcü aktyoru Avtandil Maxaradze, Gürcüstan Milli Kino Mərkəzinin rəhbəri, kinorejissor Nana Canelidze, “İnterMedia” televiziya şirkətinin baş direktoru David Abdaladze çıxış ediblər.
Sonra Vaqif Mustafayevin rejissorluğu və Elçin Əfəndiyevin ssenarisi əsasında çəkilən “Milli Bomba” filminin nümayişi keçirilib.