Bakı. Aygül Rzayeva – APA. Ukrayna Milli Filarmoniyasında Azərbaycan musiqisi günlərinin açılışına həsr edilmiş mətbuat konfransı keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ukrayna Milli Bəstəkarlar İttifaqının sədri İqor Şerbakov Azərbaycan klassik və milli musiqisini yüksək qiymətləndirib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də öz növbəsində Ukrayna klassik musiqisinin ənənəvi yüksək şöhrətə malik olduğunu bildirib.
Bu gün kamera musiqisi konserti, sabah Ukrayna Milli Filarmoniyasının Nikolay Lısenko adına sütunlu zalında simfonik konsert, aprelin 4-də Ukrayna Milli Bəstəkarlar İttifaqının binasında yekun konsert olacaq.
Tədbir çərçivəsində “Ukrayna-Azərbaycan musiqi əlaqələri” mövzusunda dəyirmi masa da keçiriləcək.