«Fitch Ratings» agentliyi «Bank Technique» ASC-nin reytinqini artıra bilər

«Fitch Ratings» agentliyi «Bank Technique» ASC-nin reytinqini artıra bilər
# 24 dekabr 2012 10:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Təkrar kapitallaşma ilə bağlı tədbirlər uğurla həyata keçiriləcəyi təqdirdə Azərbaycanın «Bank Technique» ASC-nin reytinqləri artırıla bilər. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə «Fitch Ratings» beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.

Hazırda «CC» səviyyəsində olan reytinq bankın likvidliyinin kəskin pisləşməsi və kapitalın azalması səbəbindən 2012-ci il mayın 21-də endirilib. Bundan sonra bankın yeni menecmenti təyin edilib və hazırda bankın maliyyə mövqelərinin yaxşılaşdırılması üzrə tədbirlər görülür. Gözlənilir ki, bankın səhmlərinin 75%-lik payına sahib olan «World Wines» şirkəti və 10%-lik paya sahib olan «Kazimir Investment Caspian Fund» 2013-cü ilin I rübündə kapitala 16 mln. manat həcmində vəsait yönəldiləcək. Bundan əlavə, bank dəyərdən düşmüş kreditlər üzrə girovun bir hissəsinin satılmasına dair razılığın əldə olunması ilə bağlı «Fitch Ratings»i xəbərdar edib. Bu əməliyyatlar banka əlavə 65 mln. manat həcmində gəlir təmin edəcək. Agentlik həmçinin bankın törəmə təşkilatları, o cümlədən lizinq şirkətinin satılmasından daha 10 mln. manatın əldə edilməsi ehtimalını qeyd edir.

Agentlik bunu real addımlar kimi qiymətləndirir və bunun kapitala təsirini 91 mln. manat həcmində dəyərləndirir. Bu isə kapitalın adekvatlığının mövcud tələbə (112 mln. manat) cavab verməsi üçün yetərli deyil. Eyni zamanda, bankın menecmenti kapitalın adekvatlığı ilə bağldı tələbin 2013-cü ilin I rübünün sonuna kimi təmin olunacağı proqnozlaşdırır.

«Fitch Ratings» bütün bu tədbirlərin uğurla həyata keçiriləcəyi təqdirdə bankın reytinqlərini yüksəldə bilər ki, bu da gələn ilin I rübündə baş verə bilər. Reytinqin artırılması üçün əsas kapitallaşmanın möhkəmləndirilməsidir ki, bunun nəticəsində agentlik bankı yenidən dayanıqlı mövqelərə malik olan maliyyə təşkilatı kimi qiymətləndirəcək. Əks halda reytinq ya indiki səviyyədə təsdiqlənəcək və ya defolt səviyyəsinə qədər azaldıla bilər. Lakin bu, bankın likvidliyinin azalması, səhmdarlar tərəfindən maliyyə dəstəyi göstərilmədiyi və bankın öhdəliklərini yerinə yetirə bilməyəcəyi təqdirdə baş verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR