Arif Əsədov: “Bizim qrupda zəif komanda yoxdur”

Arif Əsədov: “Bizim qrupda zəif komanda yoxdur”
# 05 dekabr 2012 12:56 (UTC +04:00)

Bakı – APA. “Azərbaycan yığması güclü komandalarla düşdü. Bizim qrupda zəif komanda yoxdur. İndi rəqib haqda məlumat toplayıb, onlara daha yaxşı bələd olmalıyıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Arif Əsədov deyib.

Avro-2014-ün bu gün baş tutan püşkatmasının nəticələrini dəyərləndirən Əsədovun sözlərinə görə, İsveç, Bosniya və Herseqovina, İrlandiya ilə matçlarda yığmamız müsbət nəticə üçün mübarizə aparacaq: “İndi komandada formalaşma prosesi gedir. Baş məşqçi təyin olunandan sonra cəmi 1 dəfə 3 günlük toplanış keçirmişik. Bu da yalnız yerli oyunçuların iştirakı ilə baş tutub. Qarşıdakı toplanışlara kənardakı futbolçularımızı da çağıracağıq. Avropa çempionatının seçmə oyunlarına qədər vaxtımız var. Həmin vaxta kimi komandanı formalaşdırıb məqsədimizə çatarıq. Turnirdə məqsədimiz uğurlu çıxış edib, yaxşı nəticə ilə mərhələni adlamaqdır”.

Əsədov gələn ilin yanvarında Rusiyada keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirə iddialı yollanacaqlarını da qeyd edib: “Komandanın formalaşmaqda olduğu dövrdə belə turnirin olması yaxşıdır. Orada futbolçularımızı bir daha sınamaq imkanımız olacaq. Lakin bu turnirə də hər matça da qələbə üçün çıxacağıq. Çünki futbolçularda qalib psixologiyası aşılamaq lazımdır. Bu turnirdən sonra da hər ay toplanış keçirəcəyik. Həmin hazırlıqların vaxtını AFFA-ya təqdim etmişik ki, yoxlama oyunları üçün rəqiblər tapılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR