Ötən ay Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,5% bahalaşıb

Ötən ay Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,5% bahalaşıb
# 06 fevral 2014 14:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5%, o cümlədən, birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 0,5% və 2,1%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1% bahalaşıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,2%, kartofun 1,0%, baş soğanın 4,3%, baş sarımsağın 0,1%, yerkökünün 5,5%, xiyarın 3,3%, pomidorun 1,0%, göyərtilərin 0,4%, quru otun istehsalçı qiymətləri 1,4% bahalaşıb, buğdanın istehsalçı qiymətləri isə 0,9% ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 0,2 və 3,4% ucuzlaşıb, xurmanın istehsalçı qiymətləri 9,1%, narın 3,6%, heyvanın 4,7%, naringinin 2,6%, fındığın 9,4%, şabalıdın istehsalçı qiymətləri isə 0,6% bahalaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 1,8%, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,1 və 0,2%, yumurtanın istehsalçı qiymətləri 3,3% bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,1%, camışın 1,3%, südün 0,2%, quş ətinin (diri çəkidə) 4,4%, təbii balın istehsalçı qiymətləri isə 1,1% ucuzlaşıb.

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,4% bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR