BVF-nin sabiq rəhbəri Dominik Stross-Kan azadlığa buraxılıb

BVF-nin sabiq rəhbəri Dominik Stross-Kan azadlığa buraxılıb
# 23 fevral 2012 08:30 (UTC +04:00)
Bakı - APA-Economics. Sutenyorluqda ittiham olunaraq yenidən həbs edilən Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq rəhbəri Dominik Stross-Kan iki gün sorğu-sual edildikdən sonra azadlığa buraxılıb.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, D.Stross-Kan gənc qadınların qatıldığı orgiyalarda iştirakını inkar etməsə də, həmin qadınların fahişə olduğunu bilmədiyini söyləyib.

O, fevralın 21-də “Carlton” hoteli ətrafında fahişə şəbəkəsinin təşkili ilə bağlı aparılan araşdırma çərçivəsində şahid kimi Lill şəhər jandarmeriyasına çağırılıb. Burada sorğu-sual müddətində həbsdə qalacağı elan olunan BVF-nin sabiq rəhbərinə qarşı araşdırmanın sonunda əxlaqsızlıqda vasitəçilik və ictimai əmlakdan sui-istifadənin gizlədilməsi ittihamları irəli sürülə bilər. Hüquq-mühafizə orqanları onun biznesmen dostlarının Paris, Vaşinqton və Brüsseldə təşkil olunan əxlaqsız gecələrə fahişə göndərməsi ilə bağlı araşdırma aparır. İttihamlar təsdiqlənərsə, D.Stross-Kan 7 il müddətinə azadlıqdan məhrum oluna və 375 min avro cərimə oluna bilər.

BVF-nin sabiq rəhbəri martın 28-də növbəti dəfə ifadə verməyə gəlməlidir. Martın 15-də isə Nyu-Yorkdakı hotellərdən birinin xidmətçisi Nafissatu Diallonun ona qarşı iddiası üzrə ilkin dinləmələr başlayacaq.

Qeyd edək ki, 63 yaşlı Dominik Stross-Kan ötən il mayın 14-də zorlamada şübhəli bilinərək Nyu-Yorkun Kennedi hava limanında həbs olunub. O, qaldığı “Sofitel” hotelində 32 yaşlı xidmətçi qadını zorlamaq cəhdində ittiham olunur. İlkin ittihama görə, qadın qaçaraq canını qurtara bilib və olay barədə hotel əməkdaşlarına məlumat verib. BVF rəhbəri isə hoteli tələsik tərk etməli olub. Bu səbəbdən mobil telefonunu və digər şəxsi əşyalarını öz nömrəsində unudub. Parisə uçmağa hazırlaşarkən isə hava limanında həbs olunub. Sonradan o, girov müqabilində ev dustağı edilib. Lakin istintaq zamanı ittihamın qurama olduğu üzə çıxıb. Xadimənin Dominik Stross-Kanla intim əlaqədə olduğu sübuta yetirilsə də, bunun məhz zorlama olduğunu sübut edən dəlillər tapılmayıb.

Dominik Stross-Kan 2012-ci ildə Fransada keçiriləcək prezident seçkilərində ən şanslı namizədlərdən sayılırdı. O, həbs olunduqdan sonra rəhbərlik etdiyi qurumun nüfuzuna xələl gəlməməsi üçün vəzifəsindən istefa verib. BVF rəhbəri postuna isə tarixdə ilk dəfə olaraq qadın - Fransanın maliyyə naziri Kristin Laqard seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR