İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 10%-i ötüb

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 10%-i ötüb
# 13 fevral 2012 13:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticələrinə əsasən cari ilin ilk ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,26% artıb. Bu zaman ərzaq məhsulları 0,81% artıb, qeyri-ərzaq məhsulları 0,87% azalıb, xidmətlər isə 0,23% bahalaşıb.

Ötən ilin dekabrına nisbətən bu ilin yanvar ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,46%, regionlarda 0,07% artıb. O cümlədən ərzaq məhsulları Bakıda 1,43%, regionlarda 0,20% bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 1,48%, regionlarda isə 0,26% ucuzlaşıb. Xidmətlərin dəyəri ay ərzində Bakıda 0,36%, regionlarda 0,11% artıb.

İlin ilk ayında ən çox taksi xidməti (20,39%), alma (16,52%), sümüklü qoyun əti (4,97%), manna yarması (2,25%) bahalaşıb. Ucuzlaşma isə göyərti (12,74%), lumu (8,84%) və digər məhsullarda qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 10,41% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,66%, regionlarda isə 7,21% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya yenə ərzaq məhsullarında (17,19%) olub. Qeyri-ərzaq məhsullarında artım 0,85%, xidmətlərdə isə 5,64% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR