Göyçay və Ağdaşda beş Qarabağ əlilinə fərdi yaşayış evi verilib

Göyçay və Ağdaşda beş Qarabağ əlilinə fərdi yaşayış evi verilib
# 23 iyun 2016 10:25 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. İyunun 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göyçay və Ağdaş rayonlarında yaşayan 5 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin təqdim edilməsi münasibətilə keçirilən tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev çıxış edərək ölkəmizin müstəqilliyinin və ərazi bötövlüyünün qorunması yolunda əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işlərinin prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib. Ç. Əliyev bildirib ki, Azərbaycanda uğurla davam etdirilən mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin edilməsinə yönəlib. Məlumat verilib ki, nazirlik tərəfindən ötən il 281 nəfər, cari ilin 6 ay ərzində isə 200-dən çox Qarabağ müharibəsi əlilinə və şəhid ailəsinə yeni mənzil verilib. Hazırda bu təbəqədən olan vətəndaşlar üçün Bakıda və bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binalarının tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması istiqamətində işlər davam etdirilir.

Tədbirlərdə iştirak edən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri çıxış edərək prezident İlham Əliyev tərəfindən əhalinin sosial-rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsi üçün mühüm addımların atıldığını bildirib, Azərbaycan dövlətinin sosial bir dövlət kimi hər bir vətəndaşının qayğısına qaldığını qeyd ediblər. Məlumat verilib ki, indiyədək Göyçay rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 45 mənzilli iki ədəd yaşayış binası, 12 ədəd fərd yaşayış evi tikilərək istifadəyə verilib.

Ümumilikdə 60 nəfər müharibə əlilinə minik avtomobili verilib. Rayonda 2018-ci ilədək daha 15 fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulur. Ağdaş rayonunda isə indiyədək Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 48 mənzilli bir ədəd yaşayış binası, 20 ədəd fərd yaşayış evi tikilərək istifadəyə verilib, 41 nəfər müharibə əlilinə minik avtomobili verilib.

Çıxışlardan sonra Qarabağ müharibəsi əlillərinə-Göyçayın Çərəkə kənd sakini Nuriyev Elnur Şəmayıl oğluna, Qaraman kənd sakini Həsənov Elşən Feyzulla oğluna, Ağdaşın Tofiqi kənd sakini Salehov Ehsan Əzməmməd oğluna, Gürcuva kənd sakini Qurbanov Laçın Muxtar oğluna və Qaradeyin kənd sakini Ağayev İlham Qurban oğluna 2 və 3 otaqlı fərdi yaşayış evlərinin açarları və sənədləri təqdim edilib.

Sonra mənzillərə baxış keçirilib, ailələr üçün yaradılan şəraitlə tanışlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR