Prezidenti İlham Əliyev Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsini qəbul edib

Prezidenti İlham Əliyev Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsini qəbul edib
# 22 may 2016 12:45 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsinin səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu, bu səfərin iki ölkə arasındakı dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi işinə töhfə verəcəyini bildirib.

Əməkdaşlığın bir çox sahələri əhatə etdiyini deyən dövlət başçısı deyib ki, Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət sahələrində və humanitar sahədə əlaqələr uğurla inkişaf edir. Hüquq mühafizə və təhlükəsizlik sahələrində də əməkdaşlığımızın genişləndirilməsi ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə töhfə verə bilər.

M. Jianzu Çin Xalq Respublikasının sədri Si Cinpinin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb. Qeyd edib ki, Azərbaycana səfərə gələn nümayəndə heyətinin tərkibinə Çinin bütün hüquq mühafizə, təhlükəsizlik orqanlarının və Xarici İşlər Nazirliyinin rəhbər nümayəndələri daxildir. M. Jianzu Çin xalqının Heydər Əliyevə və Prezident İlham Əliyevə böyük hörmət bəslədiyini bildirib: “Azərbaycanda Sizin rəhbərliyinizlə iqtisadiyyat sürətlə inkişaf edir, ictimai-siyasi sabitlik tam təmin olunub, əhalinin əhval-ruhiyyəsi yüksəkdir”.

Çinin Azərbaycan ilə təhlükəsizlik, hüquq mühafizə sahələrində, terrorizmə, transmilli iqtisadi cinayətkarlığa, kibercinayətkarlığa qarşı mübarizə, Böyük İpək Yolu boyunca təhlükəsizliyin təmin olunması və digər sahələrdə əməkdaşlığı genişləndirməsində maraqlı olduğunu nəzərə çatdıran Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi deyib ki, təhlükəsizlik sahəsində əməkdaşlıq regional əməkdaşlığa da töhfəsini verə bilər. M. Jianzu Böyük İpək Yolunun perspektivli layihə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Çin üçün dost və qardaş ölkədir və səfərin əsas məqsədi prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə təkan verməkdir. M. Çin Xalq Respublikasının sədri Si Cinpinin Azərbaycana səfər etmək arzusunda olduğunu nəxərə çatdırıb.

Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyev Çin ilə ikitərəfli münasibətlərin təməl prinsiplərinin qurulmasında müstəsna rol oynayıb. Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət, eləcə də Çin ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasət bu gün uğurla davam etdirilir. Çinin Azərbaycan üçün dost və qardaş ölkə olduğunu və Çin ilə münasibətlərin inkişaf etdirilməsinin xarici siyasətimizdə əsas istiqamətlərdən biri olduğunu deyən prezident İlham Əliyev bildirib ki, bu ölkəyə dövlət səfəri zamanı keçirilən görüşlər və aparılan səmərəli danışıqlar bunu bir daha təsdiq edib.

Dövlət başçısı Azərbaycandan keçərək Çindən Avropaya dəmir yolu ilə yük daşınması sahəsində əməkdaşlığımızın yaxşı perspektivlərinin olduğunu vurğulayıb və bu sahədə fəal iş aparıldığını söyləyib. Azərbaycan ilə Çin arasında terrorizm, ekstremizm və separatizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan prezident İlham Əliyev ölkəmizin erməni terrorizmi və separatizmi ilə üzləşdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Dövlət başçısı Azərbaycanın Çinin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Prezident İlham Əliyev Çinin daha çox şirkətlərinin Azərbaycanın iqtisadiyyatında iştirakında və turizm sahəsində əməkdaşlığın genişləndirilməsində ölkəmizin maraqlı olduğunu nəzərə çatdırıb. Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycana dialoq üzrə tərəfdaş statusunun verilməsində Çinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib və bu təşkilatla fəal əməkdaşlığın aparılmasının Azərbaycanın xarici siyasətində prioritetlərdən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpini onun üçün münasib vaxtda ölkəmizə rəsmi səfərə dəvət edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyanada keçirilən son görüşün nəticələri müzakirə olunub. Çin tərəfi münaqişənin tezliklə sülh yolu ilə həllində maraqlı olduğunu bildirib. Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi qeyd etdi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətindəki səylərinə hörmətlə yanaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR