Azərbaycan Macarıstana aqrar məhsulların ixracının artırılmasında maraqlıdır

Azərbaycan Macarıstana aqrar məhsulların ixracının artırılmasında maraqlıdır
# 28 iyun 2016 15:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Piter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "APA-Economics"ə verilən xəbərə görə, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir H. Əsədov Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək cari ilin may ayında Macarıstana səfəri çərçivəsində keçirilən görüşlərin aqrar sahədə əlaqələrin daha da inkişafı üçün əhəmiyyətli olduğunu nəzərə çatdırıb. Macarıstanın xarici işlər və ticarət naziri P. Siyarto isə iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini diqqətə çatdırıb və Azərbaycan prezidenti ilə Macarıstanın baş naziri arasında imzalanmış müqavilələrin iki ölkə arasında aqrar sahədə də əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

P. Siyarto ikitərəfli əməkdaşlıq əlaqələrindən danışaraq, əsasən toxumçuluq sahəsində uğurlu tərəfdaşlığın olduğunu nəzərə alaraq birgə toxum fondunun yaradılması, qoyunçuluq sahəsində əməkdaşlığa dair Macarıstan tərəfindən texniki yardım göstərilməsi, iki ölkənin kənd təsərrüfatı sahəsi üzrə elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və Macarıstandan Azərbaycana iri buynuzlu mal-qaranın idxal edilməsi, qida təhlükəsizliyi sahəsində əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

Macarıstanın xarici işlər və ticarət naziri P. Siyarto elm-təhsil sahəsində əlaqələrin daha inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektorunu Macarıstana səfərə dəvət edib. Macarıstanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayan nazir H. Əsədov Macarıstandan iribuynuzlu mal-qaranın idxal edilməsi, hibrid qarğıdalı toxumunun alınması və toxumçuluq üzrə birgə müəssisələrin yaradılması, müxtəlif kənd təsərrüfatı bitkilərinin (üzüm, buğda, arpa, qarğıdalı və tərəvəz) seleksiyası, toxumçuluq və tingçilik üzrə təcrübə mübadiləsi, bu ölkədən yüksək məhsuldar qoyun cinslərinin gətirilməsi, iki ölkənin elm-təhsil müəssisələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyi sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi, bu sahələrdə texniki dəstəyin göstərilməsini nəzərə çatdırıb.

Nazir Azərbaycandan Macarıstana kənd təsərrüfatı və ərzaq məhsullarının, o cümlədən meyvə, nar şirələrinin ixracının artırılması üçün müzakirələrin aparılması və bu istiqamətdə əməkdaşlığın artıq praktiki müstəviyə keçirilməsini məqsədəuyğun hesab edib.

P. Siyarto qeyd olunan məsələlər, xüsusilə qida təhlükəsizliyi məsələsində texniki yardım göstərməyə hazır olduğunu və bundan sonra da ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR