Bakı Turizm Peşə Məktəbinin direktoru Faiq Babayev vəfat edib

Bakı Turizm Peşə Məktəbinin direktoru Faiq Babayev vəfat edib
# 17 aprel 2015 11:35 (UTC +04:00)

Bakı - APA. Bakı Turizm Peşə Məktəbinin direktoru Faiq Babayev dünyasını dəyişib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Faiq Babayev 1950-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildə M. Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, texnoloq, mühəndis ixtisası üzrə həmin ali təhsil ocağını bitirib.

F. Babayev əmək fəaliyyətinə 1968-ci ildən ali təhsil aldığı Azərbaycan Neft və Kimya İnstitutunda başlayıb. 1976-77-ci illərdə 2 saylı Texniki Peşə Məktəbində komsomol katibi, 1977-81-ci illərdə Bakı Şəhər Komsomol Komitəsində Pioner və gənclər şöbəsində və Nərimanov Rayon Kommunist Partiyasında təlimatçı kimi çalışıb.

O, 1981-1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Texniki Nəzarət Şöbəsində mühəndis işləyib. 1993-2000-ci illərdə özəl şirkətdə rəhbər vəzifələrdə işləyib. Həmin ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində Gənclik Beynəlxalq Turizm Mərkəzində direktor müavini, 2006-2012-ci illərdə isə mərkəzin direktoru vəzifələrində çalışıb.

2012-2013-cü illərdə Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin tədris istehsalat işləri üzrə direktor müavini, 2013-cü ildən isə həmin tədris ocağının direktoru vəzifəsində işləyirdi.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi Faiq Babayevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR