Bakı - APA. Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclaslarında iştirak etmək üçün Çexiyada rəsmi səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Çexiyanın təhsil, gənclər və idman naziri Katerina Volaxova ilə görüş keçirib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Çexiya parlamentinin binasında baş tutan görüşdə K. Volaxova Bakıda Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil edilməsi münasibətilə A. Rəhimovu təbrik edib.
Nazirlər ölkələrinin idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqda geniş məlumat verib, tədbirlərdə azərbaycanlı və çexiyalı gənclərin iştirakını yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın daha da möhkəmlənməsinin önəmini vurğulayıblar. Çexiyanın təhsil, gənclər və idman naziri görüş çərçivəsində xüsusi olaraq Avropa İttifaqının təsis etdiyi Vışeqrad Sazişi və “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və əməkdaşlıq üçün Azərbaycana təşəkkür edib.
Görüşün sonunda A. Rəhimov və K. Volaxova daha sıx əməkdaşlıq istiqamətində yeni layihələrin işlənib hazırlanmasının zərurətini vurğulayıblar.