Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında “Bakı-2015” I Avropa Oyunlarının qaliblərinin və mükafatçılarının şərəfinə təşkil edilmiş “Rusiya olimpiyaçıları balı – 2015” adlı təntənəli tədbir keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Manej” mərkəzi sərgi zalında keçirilən tədbirdə Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Rusiya prezidentinin köməkçisi İqor Levitin, Dövlət Dumasının sədri Yevgeni Narışkin, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov və digər rəsmilər iştirak ediblər.
“Rusiya olimpiyaçıları balı – 2015” adlı tədbir həm də Rusiya komandasının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Olimpiya Oyunlarına yola salınmasına həsr olunub. Tədbirdə “Bakı-2015” I Avropa Oyunlarının qalibləri və mükafatçıları, Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarda Rusiya Olimpiya komandasına namizədlər, olimpiya çempionları, tanınmış ictimai xadimlər, Rusiya Olimpiya Komitəsinin tərəfdaşları olan şirkətlərin rəhbərləri də iştirak ediblər.
Bakıda keçirilmiş I Avropa Oyunlarının bütün qaliblərinə və mükafatçılarına idmançının adı həkk olunmuş döş nişanları təqdim edilib.
Qeyd edək ki, tarixdə ilk dəfə Bakıda keçirilən I Avropa Oyunlarında medal sayına görə Rusiya komandası birinci yeri tutub.