APA-nın məlumatına görə, bunu Apasport.az saytına atıcılıq üzrə Rusiya millisinin üzvü Yekaterina Korşunova deyib.
Qəbələdə təşkil edilən Dünya Kubokunda iştirak edən Y. Korşunova hədəfinin Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu bildirib: “Əla atıcılıq mərkəzində dünyanın ən yaxşıları ilə mübarizə aparırıq. Təşkilatçılıq həmişəki kimi, yenə ən yüksək səviyyədədir. Düzdür, ötən il Qəbələdə keçirilən Dünya Kubokunda daha az iştirakçı var idi. Bu dəfə isə həm rəqabət böyükdür, həm qonaqların ümumi sayı çoxdur. Bir fərq də ondadır ki, ötən il hava daha sərin idi. Bu il Avropa Oyunlarında da, indi də isti hava şəraiti ilə üzləşmişəm. Amma bu amil məni hədəfimdən yayındıra bilməz. Çıxış etdiyim hər iki növdə - 10 və 25 metr məsafəyə pnevmatik tapançadan atəş açmaqda mükafat və lisenziya qazanmaq iddiasındayam”.
Rusiyalı idmançı ölkəmizdəki atıcılıq mərkəzləri barədə fikirlərini açıqlayıb: “Bakı və Qəbələdəki atıcılıq mərkəzləri çox müasir və yüksək səviyyəlidir. Təəssüf ki, bizdə belələri yoxdur. Rusiyada köhnə dəbli, daha çox daxili yarışlara yarayan qurğular fəaliyyət göstərir”.