Azərbaycandakı bankların rüblük mənfəəti 1,9 dəfə artıb

Azərbaycandakı bankların rüblük mənfəəti 1,9 dəfə artıb
# 15 may 2013 09:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2013-cü ilin I rübündə 74,77 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu, 2012-ci ilin müvafiq rübülük göstəricisi ilə müqayisədə 1,9 dəfə çoxdur.

Ötən rübdə bankların faiz gəlirləri 366,59 mln. manat, faiz xərcləri 192,08 mln. manat təşkil edib və nəticədə, faiz mənfəəti 174,51 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 92,19 mln. manat, qeyri-faiz xərcləri isə 167,52 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 75,33 mln. manat həcmində zərər yaranıb.

Mənfəətin 2 dəfəyə yaxın artması əsasən faiz gəlirlərinin artması və aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların azalması ilə əlaqədar olub. Belə ki, mənfəətin 36,2 mln. manat artmasında aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların 16,4 mln. manat həcmində azalmasının rolu böyükdür.

Qeyd edək ki, 2013-cü ilin I rübü ərzində Azərbaycanın 39 kommersiya bankı mənfəətlə, 4-ü isə zərərlə işləyib. Mənfəətli banklar üzrə məcmu mənfəət 78,08 mln. manat, zərərlə işləyən bankların məcmu zərəri isə 6,92 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR