Azərbaycanda neftqazçıxarma sənayesində qəzalar zamanı görüləcək tədbirlər müəyyənləşdirilib

Azərbaycanda neftqazçıxarma sənayesində qəzalar zamanı görüləcək tədbirlər müəyyənləşdirilib
# 09 fevral 2017 07:52 (UTC +04:00)

Neftqazçıxarma sənayesində texnogen xarakterli hadisələrin növləri və mühafizə tədbirləri təsdiqlənib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda əksini tapıb.

Neftqazçıxarma sənayesində texnogen xarakterli hadisələrin növlərinə quyuların qazılması, istismarı və təmiri zamanı neftin və qazın gözlənilmədən tullanışı (açıq fontanlar), stasionar dəniz platformalarının tikintisi və istismarı prosesində onların tamamilə, yaxud qismən dağılması və (və ya) düşməsi, üzən qazma qurğularının istismarı prosesində onların tamamilə, yaxud qismən dağılması və məhv olması, üzən qazma qurğularının qazma nöqtəsindən sürüşərək qəza törətməsi və quyuların ağzının dağılması və neft və qazın hasilatı və hazırlanması obyektlərinin, mədəndaxili boru kəmərlərinin tamamilə, yaxud qismən dağılması və bunun nəticəsində neftin və təbii qazın (səmt qazının) ətraf mühitə axıb yayılması daxildir.

Neftqazçıxarma sənayesi obyektlərində texnogen xarakterli hadisələrdən mühafizə tədbirləri və onların tətbiqi aşağıdakılardır:

- quyuların qazılması və təmiri zamanı quyu ağzının hermetik yığılması (preventorların qoyulması);

- stasionar dəniz platformalarının tikintisi və istismarı zamanı qurğunun təhlükəsizlik bəyannaməsinin işlənməsi, Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması, Azərbaycan Respublikasının ekologiya sahəsi üzrə mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməsi, təhlükəsizlik meyarlarının müəyyənləşdirilməsi, davamlılığının artırılması, ehtimal olunan risklərin təsir dərəcələrinin müəyyənləşdirilməsi, işçi heyətinin ixtisas dərəcəsinin artırılması, kompleks nəzarət işlərinin və sistemlərinin təşkili;

- üzən qazma qurğularının istismarı prosesində dalğıc kompleksinin, qaz siqnalizasiyasının, həmçinin dənizçilikdə və aeronaviqasiyada təhlükəsizlik siqnal vasitələrinin vəziyyətinə və mövcudluğuna kompleks nəzarətin təşkili, kollektiv və fərdi xilasetmə vasitələrinin tam hazırlığının nəzarətdə saxlanması;

- üzən qazma qurğularının qazma nöqtəsindən sürüşməmək məqsədi ilə qazma nöqtəsi üzərində mövqe sisteminin saz vəziyyətdə (işlək vəziyyətdə) olması, dayaq sütunlarının torpağa oturmasının vəziyyəti, cədvəl üzrə gövdənin su səthindən müəyyən hündürlüyə qaldırılması, gövdə, dayaq sütunlarında sınmaların və digər nasazlıqların vaxtında müəyyən edilməsi;

- neftin və qazın hasilatı və hazırlanması obyektləri üzrə - klapanların, separatorların, torpaqlanma bəndlərinin, nəzarət ölçü cihazlarının, ildırım ötürücülərin saz vəziyyətdə saxlanması;

-. dəniz sahəsi üzrə xüsusi təyinatlı gəmilərin olması.

Əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilib. Neftqazçıxarma sənayesi obyektlərinin mühafizə zonaları (MZ) yaşayış məntəqələrinə, şəxsi tikililərə, təsərrüfat və kənd təsərrüfatı obyektlərinə qədər minimum məsafələri (MM) də müəyyənləşdirilib. Mühafizə zonalarında belə obyektlərin yerləşməsi qadağandır. Beləliklə, quyular, separatorlar və qızdırıcı avadanlıqların mühafizə zonalarından şəxsi tikililərə qədər minimum məsafə 300 m, təsərrüfat obyektlərinə minimum məsafə 500 m, kənd təsərrüfatı obyektlərinə qədər minimum məsafə 100 m olmalıdır. Neft rezervuarları və nasos avadanlığının mühafizə zonalarından şəxsi tikililər minimum 300 m, təsərrüfat obyektləri 500 m uzaqlıqda yerləşməlidir. Elektrikötürücü xətləri şəxsi tikililər, təsərrüfat obyektləri və kənd təsərrüfatı obyektlərindən 12-19 m uzaqlıqda yerləşməlidir.

Neftqazçıxarma sənayesində I və II kateqoriyalı qəzalar zamanı qəzaların ləğv edilməsi ilə əlaqədar görüləcək tədbirlər də təsdiqlənib. Neft sənayesinin bütün partlayış və yanğın təhlükəli obyektlərində baş verə biləcək qəzaların ləğvi planı işlənilib hazırlanmalıdır. Qəza baş verdiyi zaman qəza yerinə yanğın bölmələri çağırılmalı, təcili tibbi yardıma, Fövqəladə Hallar Nazirliyinə xəbər verilməlidir. Quyuda atqı və açıq fontan vurma halları olarsa, açıq qaz və neft fontanlarının qarşısının alınması və ləğvi üzrə hərbiləşdirilmiş dəstə çağırılmalıdır. Yanğınsöndürmə vasitələri işə salınmalıdır. Qəza yerində və ona bitişik sahələrdə açıq alovla görülən və digər bərpa işləri qəzaların ləğvi ilə bağlı tədbirlər istisna olmaqla dayandırılmalıdır. Qəza işləri ilə məşğul olmayan bütün fəhlə və mühəndis texniki işçilər təhlükəli zonadan çıxarılmalıdır. Qəza yerinə hər bir şəxs yalnız qəzanın ləğvi üzrə cavabdeh şəxsin icazəsi ilə buraxılmalıdır. Mühafizə vasitələrindən və qığılcım yaratmayan alətlərdən istifadə qəzanın ləğvi üzrə cavabdeh şəxsin icazəsi ilə olmalıdır. Qəza zonasında yerləşən tutum və aparatlar imkan daxilində tezalışan və yanar maddələrdən azad olunmalı, texnoloji aparatlarda təzyiq aşağı salınmalıdır. Qəza yerinə və ona bitişik sahəyə yanğın və qəza xidmətlərindən başqa bütün növ nəqliyyatın daxil olması qadağandır. Qəza ventilyasiyası işə salınmalı və qazla dolu olan otağın havası dərhal dəyişdirilməlidir.

Neftqazçıxarma sənayesində qaçılmaz qəzaların baş vermə anında təhlükəli maddələrin ətraf mühitə, o cümlədən dəniz mühitinə zərərli təsirlərinin qarşısının alınması məqsədi ilə quyuların dənizdə və quruda qazılması və təmiri zamanı quyu ağzının preventorla (fontana qarşı) təmin olunması, quyuların eyni vaxtda qazılması və istismarı zamanı fontan quyularının quyudaxili ayırıcı klapanla və məsafədən idarə olunan quyu ağzı siyirtmələrlə təchiz olunması, quyuda təmir işləri, mürəkkəbləşmələrin və ya qəzaların aradan qaldırılması, hər konkret quyu üçün işlənmiş və bu işlərin həyata keçirən təşkilatın rəhbərliyi tərəfindən təsdiqlənmiş plan və tədbirlər planı və cavabdeh şəxsin təyin olunması və ayrı-ayrı çənlərin və çənlər qrupunun ətrafında dağılmış mayenin hidrostatik təzyiqinə hesablanmış “dairəvi” torpaq bəndlərinin olması tələb edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR