Azərbaycan 47-ci Beynəlxalq Kimya Olimpiadasında 2 bürünc medal qazanıb

Azərbaycan 47-ci Beynəlxalq Kimya Olimpiadasında 2 bürünc medal qazanıb
# 29 iyul 2015 15:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 20-29 iyul tarixlərində Bakıda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında Azərbaycan komandasının üzvləri iki bürünc medal qazanıb. APA-nın xəbərinə görə, bürünc medala akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin və “İstək” liseyinin X sinfini başa vuran Hüseyn Babayev layiq görülüblər.

Olimpiadada ümumilikdə 35 nəfər qızıl medal, 63 nəfər gümüş, 92 nəfər isə bürünc medal qazanıb.

Eyni zamanda, 10 gənc kimyaçıya fəxri mükafatlar təqdim olunub. ABŞ təmsilçisi “Ən yaxşı təcrübəçi”, Çin təmsilçisi həm “Ən yaxşı nəzəriyyəçi”, həm də “Birincilər birincisi” mükafatına layiq görülüb.

Qeyd edək ki, 20-29 iyul tarixində Bakıda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilər kimya üzrə nəzəri və praktik biliklərini Moskva Dövlət Universitetinin Bakı filialında sınayıblar.

Olimpiadada Azərbaycan komandasını “İstək” liseyini bu il bitirən Dilqəm Əhmədli, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin, “İstək” liseyi və 160 saylı klassik gimnaziyanın X sinfini başa vuran Hüseyn Babayev və Ruslan Məmmədov təmsil ediblər. Komandanın rəhbəri isə 2009-cu ildə Böyük Britaniyada keçirilmiş 41-ci Beynəlxalq Kimya Olimpiadasının bürünc mükafatçısı, Qafqaz Universitetində üzvi kimya laboratoriyasının elmi işçisi Mehman Bünyadov olub.

47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda, Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsi ilə bağlı qərar 2012-ci ildə Vaşinqtonda 44-cü Olimpiadanın Beynəlxalq Münsiflər Heyəti tərəfindən verilib.

47-ci Olimpiada Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR