İlin əvvəlindən Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrin sayı 33%-dən çox azalıb

İlin əvvəlindən Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrin sayı 33%-dən çox azalıb
# 16 sentyabr 2015 11:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalma cari ilin avqust ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, belə ki, ötən ay nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (tərəfindən istehsalatla əlaqəli 14 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% azdır. Həmçinin qeyd olunan hadisələr nəticəsində xəsarət alanların 7,1% azalıb.

Ümumilikdə cari ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3% azalaraq 141-dən 94-ə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 90,4% azalaraq 21-dən 2-yə enib. Bu ilin yanvar-avqust aylarında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3% azalma qeydə alınıb. İstehsalat qəzalarının sayının azalması Dövlət Xidmətinin ölkədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətini mütəmadi olaraq gücləndirməsinin, habelə əməyin təhlükəsizliyi ilə bağlı işəgötürənlər arasında apardığı ardıcıl maarifləndirmə işlərinin müsbət nəticəsidir.

Bu istiqamətdə tədbirlərin davamı olaraq Xidmət tərəfindən cari ilin sentyabr ayı ölkədə “Təhlükəsiz iş aylığı” elan olunub. Aylıq çərçivəsində görülən tədbirlər iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsinə, bu sahədə mövcud nöqsanların aradan qaldırılmasına, işəgötürənlərin və işçilərin bu məsələlərə diqqətinin artırılmasına yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR