Nazir müavini: “BMT-nin xüsusi məruzəçisinin hesabatı tarazsız və birtərəflidir”

Nazir müavini: “BMT-nin xüsusi məruzəçisinin hesabatı tarazsız və birtərəflidir”
# 02 mart 2017 09:09 (UTC +04:00)

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Cenevrədə BMT İnsan Hüquqları Şurasının 34-cü sessiyasının Yüksək Səviyyəli Seqmentdə çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Məmməd-Quliyev ölkəmizdə son zamanlar insan hüquqları və əsas azadlıqlarının, demokratiya və qanunun aliliyinin müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verib.

Nazir müavini ölkəmizin BMT-nin İHŞ və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb, İHŞ-nin xüsusi nümayəndələri və məruzəçilərinə Azərbaycana səfər etmək məqsədilə daimi dəvətnamənin verilməsinin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ölkəmizin BMT qurumları ilə konstruktiv əməkdaşlıq etdiyinin bariz nümunəsi olduğunu bildirib. Eyni zamanda, o, 2016-cı ilin sentyabrında ölkəmizə səfər etmiş BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin hesabatına toxunaraq, həmin hesabatın Azərbaycan və BMT-nin insan hüquqları qurumları arasında mövcud olan əməkdaşlıq ruhunu əks etdirmədiyini, tarazsız və birtərəfli olduğunu təəssüflə vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuş nazir müavini Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşdüyünü, onların əsas insan hüquqlarının Ermənistan tərəfindən kütləvi şəkildə pozulduğunu bildirib. Nazir müavini həmçinin, iki gün öncə Azərbaycanda 25-ci ildönümü dərin hüznlə qeyd olunmuş Xocalı soyqırımının 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinə qarşı törədildiyini və bu vəhşiliyi törədən cinayətkarların hələ də cinayət məsuliyyətinə cəlb olunmadığını sessiya iştirakçılarının nəzərinə çatdırıb. Bununla bağlı M. Məmməd-Quliyev BMT-nin İHŞ-ni və BMT-nin insan hüquqları üzrə ali komissarını azərbaycanlı məcburi köçkün və qaçqınların pozulmuş hüquqlarının bərpa olunmasında səylərini artırmağa çağırıb.

Səfər çərçivəsində nazir müavini M. Məmməd-Quliyev Cenevrədə yerləşən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib. Nazir müavini BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşı olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini P. Maurerin diqqətinə çatdırıb, bu xüsusda Ermənistan tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərlərinin cəsədlərinin qaytarılmasında BQXK-nın vasitəçiliyi xüsusi ilə qeyd olunub.

BQXK prezidenti P. Maurer təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirdiyini bildirərək, əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Səfər zamanı nazir müavini M. Məmməd-Quliyev Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının (BQXQAF) baş katibinin müavini Cemila Mahmudla da görüşüb. Görüşdə Azərbaycan və BQXQAF arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri və mümkün birgə layihələr barədə fikir mübadiləsi aparılıb, Ermənistanın hərbi təcavüzü nəticəsində öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkün düşmüş azərbaycanlıların vəziyyəti, onların öz doğma torpaqlarına qayıtması məsələsinin beynəlxalq təşkilatların gündəmində saxlanılmasının vacibliyi vurğulanıb.

Səfər müddətində nazir müavini M. Məmməd-Quliyev həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri ilə görüşüb. Görüşdə ÜƏMT ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan hökuməti ilə ÜƏMT arasındakı Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun uğurla həyata keçirildiyini qeyd etmiş nazir müavini ölkəmizdə müasir patent sisteminin inkişafına ÜƏMT-in töhfələrinə görə təşkilatın rəhbərinə minnətdarlığını bildirin. F. Qarri Azərbaycanın isə ÜƏMT-in işində fəal iştirakını məmnunluq hissi ilə qeyd edib və qarşılıqlı əməkdaşlığın daha da geniş şəkildə davam edəcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR