"Bank Melli İranın Bakı Filialı": BŞİH ilə kompensasiyaya dair razılığa gələ bilmirik

"Bank Melli İranın Bakı Filialı": BŞİH ilə kompensasiyaya dair razılığa gələ bilmirik
# 07 mart 2018 10:37 (UTC +04:00)

"Bakı şəhərinin İcra Hakimiyyəti tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, "Bank Melli İranın Bakı Filialı"na məxsus 9 mln. 295 min 964 manat xalis dəyərində bina sökülməsi qeyri-ənənəvi ticarət alacağı məbləğinin yaranmasına səbəb olub".

APA-Economics” xəbər verir ki, bu məlumat bankın audit hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər.

"Buna baxmayaraq, Bankın Rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcək. Hazırda Bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğin əldə edilməsini iddia edir. Bina 3 iyul, 2013-cü il tarixində Müstəqil Qiymətləndirici Şirkət tərəfindən yenidən qiymətləndirilib. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olub. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9 milyon 400 min manat təşkil edib. Bank, Maliyyə Alətləri: Tanınma və Qiymətləndirmə adlı 39 saylı BMUS-un tələbinə əsasən dövlət orqanlarından alınacaq məbləğə dəyərsizləşmə üzrə ehtiyat yaratmayıb. Hal-hazırda iş məhkəmə icraatındadır və məhkəmə prosesinin 2018-ci ildə yekunlaşması gözlənilir. Yekun məhkəmə qərarına əsasən bank maliyyə hesabatlarında müvafiq düzəlişləri edəcək", - deyə hesabatda vurğulanıb.

Qeyd edək ki, bina ilkin olaraq "Bank Melli İranın Bakı Filialından alınmış depozitlər üçün "Royal Bank" tərəfindən girov qoyulub. Bu girov dəyərsizləşmə üzrə ehtiyat qarşılığında 2013-cü ildə məhkəmə qərarı ilə Bank tərəfindən əldə edilib, binalar və avadanlıqlar kimi tanınıb və ilkin olaraq yenidən qiymətləndirilmiş dəyərdə qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR