Gələcəyə nəzər saldıqda, iki ölkəmiz arasındakı iqtisadi və kommersiya əlaqələrinin reallaşdırılmağı gözləyən böyük və hələ tam istifadə olunmamış potensiala malik olduğunu görürük.
“APA-Economics” xəbər verir ki, bu barədə Kamboca Ticarət Palatasının prezidenti və ASEAN Biznes Məsləhət Şurasının Kamboca üzrə sədri Kith Meng Bakıda keçirilən Azərbaycan-Komboca biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ikitərəfli ticarət dövriyyəsi hələlik məhdud olsa da, Azərbaycanla Kamboca arasında iqtisadi tamamlayıcılıq aydın görünür və böyük imkanlar vəd edir:
“Azərbaycan enerji, elektrik enerjisi və sənaye sahələrində mühüm mövqeyini möhkəmləndirdiyi, Kamboca isə Cənub-Şərqi Asiyada dinamik kənd təsərrüfatı istehsalçısı və istehsal mərkəzi kimi inkişaf etdiyi üçün ölkələrimiz arasında sinerji imkanları heç vaxt indiki qədər geniş olmayıb”.
Kith Meng Azərbaycan dövlət şirkətlərini və özəl sektor nümayəndələrini dörd əsas istiqamət üzrə əməkdaşlıq imkanlarını araşdırmağa dəvət edib:
“Birinci istiqamət - kənd təsərrüfatı məhsullarının emalı və ərzaq təhlükəsizliyi. İkinci istiqamət - enerji infrastrukturu. Kamboca elektrik enerjisi təchizatının etibarlılığını və sənaye infrastrukturunu genişləndirdikcə enerji keçidi, müasir infrastrukturun qurulması, xüsusi iqtisadi zonaların yaradılması və iri istehsal müəssisələrinin inkişafı sahələrində birgə müəssisələrin yaradılması üçün müstəsna imkanlar yaranır. ASEAN regionunda sabit istehsal mühiti axtaran Azərbaycan istehsalçıları Kambocada əlverişli və yüksək gəlir potensialına malik biznes mühiti ilə qarşılaşacaqlar. Üçüncü istiqamət - turizm, aviasiya və insan kapitalının inkişafı. Buraya qonaqpərvərlik sektoruna investisiyalar və iki xalq arasında peşəkar kadr hazırlığı sahəsində təcrübə mübadiləsi daxildir. Dördüncü istiqamət - ticarətin asanlaşdırılmasıdır. Kənd təsərrüfatı, enerji, ticarətin asanlaşdırılması və turizm kimi əsas sahələrdə əməkdaşlığı genişləndirməklə özəl sektorlar arasında daha dərin əlaqələrin qurulmasına, investisiyaların artırılmasına və hər iki ölkənin əhalisinə birbaşa fayda verəcək davamlı rifahın təmin olunmasına zəmin yaradırıq”.
“Bugünkü müzakirələri hüquqi qüvvəyə malik kommersiya sazişlərinə, birgə müəssisələrə və uzunmüddətli dostluğa çevirmək üçün Azərbaycan tərəfdaşlarımızla çiyin-çiyinə işləməyə hazırıq”, - o qeyd edib.