Bank Of Baku

MATRADE: Malayziyanın halal sektorunun uğuru güclü ekosistem və dövlət siyasətinə əsaslanır

Malayziya Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) Baş direktoru Raja Badrulnizam

© APA | Malayziya Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) Baş direktoru Raja Badrulnizam

# 16 iyun 2026 12:27 (UTC +04:00)

Malayziyanın halal sektorunun uğuru güclü ekosistem və dövlət siyasətinə əsaslanır.

APA xəbər verir ki, bunu Malayziya Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) Baş direktoru Raja Badrulnizam İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsində təşkil olunan Halal iqtisafiyyatının liderləri forumunda çıxışı zamanı deyib.

“Halal sahəsində uğurun əsasında düzgün siyasət, güclü idarəetmə və bütün tərəfləri bir araya gətirən ekosistem dayanır. Düzgün siyasət olmadan insanların müxtəlif ölkələrdən gələn halal məhsullara inamını təmin etmək mümkün deyil”, - o qeyd edib.

O, Malayziyanın halal sənayesinin inkişaf təcrübəsindən danışaraq bildirib ki, ölkənin bu sahədə yanaşması yalnız uyğunluq və sertifikatlaşdırma ilə məhdudlaşmayıb, eyni zamanda ixracın, investisiyaların və beynəlxalq ticarətin inkişafına yönəlib.
Raja Badrulnizam qeyd edib ki, Malayziyanın halal strategiyası dövlətin siyasi iradəsi ilə başlayıb:

“Malayziya hökuməti halal sahəsində inkişaf üçün hərtərəfli siyasət çərçivəsi yaratmaq qərarı verdi. Daha sonra Halal Master Plan ölkə iqtisadiyyatının halal istiqamətində inkişafına yol göstərdi”.

Onun sözlərinə görə, bu plan dövlət qurumlarını, standartlaşdırma təşkilatlarını, qida və tənzimləyici orqanları, logistika şirkətlərini və özəl sektoru vahid sistemdə birləşdirib.

MATRADE rəhbəri vurğulayıb ki, Malayziyanın əsas üstünlüklərindən biri etibar və idarəetmə üzərində qurulan halal ekosistemidir.
“Halal hər şeydən əvvəl etimad və idarəetmə məsələsidir. Bizim yaratdığımız ekosistem beynəlxalq şirkətlərə Malayziyada halal istehsala güvənməyə imkan verir”, – o bildirib.

Raja Badrulnizam qeyd edib ki, dünyanın ən böyük qida şirkətlərindən biri olan "Nestle" Malayziyanı qlobal halal mərkəzlərindən biri kimi seçib və bu, ölkənin qurduğu sistemə beynəlxalq etimadın göstəricisidir.

O bildirib ki, Malayziya halal məhsullarının dünya bazarlarına çıxarılması üçün beynəlxalq sərgilərdən və əməkdaşlıq proqramlarından istifadə edir.

“Malayziya Beynəlxalq Halal Sərgisi (MIHAS) dünyanın ən böyük halal sərgilərindən birinə çevrilib. Bu platforma ixracatçıları, alıcıları və beynəlxalq tərəfdaşları bir araya gətirir”, – o qeyd edib.

Raja Badrulnizam əlavə edib ki, Malayziyanın halal ixracındakı uğur dövlət, özəl sektor və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın nəticəsidir.

“Güclü idarəetmə, ixrac siyasəti və beynəlxalq əməkdaşlıq Malayziyanın halal məhsullarını qlobal bazarlarda tanıtmasına imkan verib”, – MATRADE Baş direktoru vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR