Bank Of Baku

BDU-da görkəmli Azərbaycan şərqşünası, professor Məmməd Mübariz Əlizadənin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

BDU-da görkəmli Azərbaycan şərqşünası, professor Məmməd Mübariz Əlizadənin 100 illik yubileyi münasibətilə tədbir keçirilib
# 28 dekabr 2011 12:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bakı Dövlət Universitetində (BDU) görkəmli Azərbaycan şərqşünası, şair və mütərcim, əməkdar elm xadimi, professor Məmməd Mübariz Əlizadənin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri açan BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, professor M. Əlizadə şərqşünaslıq fakültəsinin dekanı olub, uzun müddət Yaxın Şərq xalqları ədəbiyyatı və tarixi kafedrasının müdiri kimi fəaliyyət göstərib. Rektor qeyd edib ki, fars dili ədəbiyyatının öyrənilməsində və gənc iranşünaslar nəslinin yetişdirilməsində də M. Əlizadənin müstəsna xidmətləri var. M. Əlizadə ilə bağlı xatirələrini danışan A. Məhərrəmov alimin əsl elm adamı, azərbaycanlı kişisi və milli xarakterlərə məxsus insan kimi xarakterizə edib. Rektor bildirib ki, M. Əlizadənin 100 illiyi ilə bağlı BDU-da beynəlxalq elmi konfransda keçiriləcək.

Sonra M. Əlizadənin həyatının bir neçə məqamını əks etdirən foto-slayd, həmçinin video süjet nümayiş olunub. İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov isə “Mübariz Əlizadənin həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə akademik Vasim Məmmədəliyev, şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizov, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, İran islam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, professor Şahin Fərzəliyev, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Əkrəm Bağırov da çıxış edərək görkəmli şərqşünas-alim haqda xatirələrini bölüşüblər.

Tədbirin sonunda ailə adından çıxış edən, alimin qızı, BDU-nun İran filologiyası kafedrasının dosenti Nüşabə Əlizadə atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR