Bank Of Baku

Azərbaycan son 10 ildə meşə ehtiyatlarının vəziyyətinə görə dünyada ən yüksək nəticə əldə edib

Azərbaycan son 10 ildə meşə ehtiyatlarının vəziyyətinə görə dünyada ən yüksək nəticə əldə edib
# 13 fevral 2012 12:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. ABŞ-ın Yel və Kolumbiya Universitetləri Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) üzrə aparılmış beynəlxalq araşdırmanın yekunları barədə hesabat yayıblar. Hesabatın meşələrlə bağlı məsələlər bölümündə qiymətləndirmə 3 komponent üzrə (meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri) aparılıb və son 10 ildə bu göstəricilərə görə Azərbaycan 132 dövlət arasında ən yüksək nəticə əldə edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu qiymətləndirmədə, yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin ümumi ölkə ərazisinin 11,4 faizdən 11,8 faizədək artırılması, habelə mövcud meşə fondu torpaqlarının meşə ilə örtülü ərazilərinin 2,6 faiz çoxaldılması, sənaye qırıntılarının dayandırılması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi və qorunması tədbirlərinin gücləndirilməsi, o cümlədən KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılan təbliğat tədbirləri hesabına qırıntı hallarının ilbəil azalması nəzərə alınıb.

Nazirlikdən bildirilib ki, son illərdə meşələrin mühafizəsi, bərpası, yeni meşə və yaşıllıqların salınması məqsədilə bir sıra tədbirlər görülüb. 2002-ci ildə əkin, səpin və təbii bərpaya kömək tədbirləri cəmi 7750 hektar sahədə aparılmışdırsa, 2011-ci ildə bu rəqəm artıq 10504 hektar olub. Ümumilikdə, 2003-2011-ci illər ərzində 91176 hektardan artıq sahədə meşəbərpa tədbirləri aparılıb, bunun 33157 hektarında yeni meşələr salınıb. Meşəsalma ilə bağlı idarəetmə sisteminin effektivliyinin artırılması məqsədilə Abşeron, Quba, Kür və Giləzi regional meşə tingliyi müəssisələri yaradılmış, həmçinin səhralaşma prosesinə məruz qalmış çətin meşəbitmə şəraitinə malik ərazilərdə meşəsalma müəssisələri tərəfindən yeni yaşıllıq massivləri salınıb. Yaşıllıq ərazilərinin artırılması məqsədilə Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin magistral avtomobil yollarının kənarında 6 milyon ədəd ağac və kol bitkiləri əkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR