Bank Of Baku

AMEA Mərkəzi Elmi Kitabxanasının və Regional Elmi Mərkəzlərin 2011-ci ildəki elmi fəaliyyətlərinə həsr edilmiş iclas keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının və Regional Elmi Mərkəzlərin 2011-ci ildəki elmi fəaliyyətlərinə həsr edilmiş iclas keçirilib
# 18 fevral 2012 11:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) və Regional Elmi Mərkəzlərin 2011-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə həsr edilmiş iclas keçirilib.

APA-nın AMEA-nın saytına istinadən verdiyi məlumata görə, AMEA MEK-in 2011-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında çıxış edən alim Aybəniz Əliyeva-Kəngərli bildirib ki, son illər ölkəmizdə kitabxanaların inkişafının yeni mərhələsi başlayıb.

A.Əliyeva-Kəngərlinin sözlərinə görə, kitabxana hazırda dünyanın 68 dövlətinin 561 təşkilatı ilə əlaqə saxlayaraq ədəbiyyat və informasiya mübadiləsi aparır. Beynəlxalq kitab mübadiləsi vasitəsilə 2381 nüsxə ədəbiyyat alınıb. Şərq, Qərbi Avropa və MDB ölkələrinə 2435 nüsxə ədəbiyyat göndərilib.

AMEA Gəncə Regional Elmi Mərkəzinin (GREM) 2011-ci ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında hesabatda bildirilib ki, mərkəz əməkdaşları tərəfindən neft kimyası, farmakologiya, ekologiya, iqtisadiyyat, tarix, ədəbiyyat, arxeologiya, incəsənət elmləri sahəsində elmi-tədqiqat işləri aparılıb. AMEA Lənkəran Regional Mərkəzində Lənkəran Dövlət Universiteti, AMEA-nın müvafiq elmi müəssisələri və regional elmi mərkəzləri ilə birlikdə ekologiya, iqtisadiyyat, folklor, tarix, etnoqrafiya və ədəbiyyat elmləri sahəsində bir sıra fundamental elmi-tədqiqat işləri aparılıb.

A.Əliyeva-Kəngərli bildirib ki, hesabat ilində AMEA Şəki Regional Elmi Mərkəzində ipəkçilik, biokimya, biofizika, bitki müxtəlifliyinin genofondu, geokimya, sellərin öyrənilməsi, folklorşünaslıq və el sənətləri laboratoriyalarında işlər görülüb. Aparılan tədqiqatların səmərəsini daha da artırmaq məqsədilə bu ildən Gəncə İpəkçilik İnstitutu ilə də işgüzar əlaqələr yaradılıb. Peşə sahəsinin yenidən inkişaf etdirilməsi məqsədilə ipəkçi alimlər ipəkçilik üzrə ilk lüğət-sorğu kitabının hazırlanması ilə məşğuldurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR