2022-ci il ərzində Əqli Mülkiyyət Agentliyi tərəfindən müəllif hüquqlarının obyektləri olan əsərlər üzrə 388 müəllifin 594 əsəri qeydiyyatdan keçirilib.
APA xəbər verir ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.
O bildirib ki, əsərin qeydiyyatı haqqında 616 Şəhadətnamə verilib, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsi ilə 131 müəllifin 169 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 170 şəhadətnamə verilib.
Həmçinin, hüquqların verilməsinə dair 42 müəllif müqaviləsi qeydiyyatdan keçirilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2022-cü il 31 dekabr tarixinədək Agentlikdə ümumilikdə 14855 əsər və əlaqəli hüquqların obyektləri (bunlardan 956 əsər "Elektron xidmət bölməsi vasitəsi ilə) qeydiyyatdan keçirilib.
Agentlikdə 2022-ci ildə müəlliflik hüququna əsaslanan kreativ sənaye sahəsində əvvəlki ilə aid milli iqtisadiyyat sahələri üzrə faktiki statistik göstəricilər və dövlət büdcəsi rəqəmləri təhlil edilib, bu sahələrdə istehsal həcminin 4990,0 mln. manat olduğu müəyyən edilib. Hazırda kreativ sənayenin ölkənin ÜDM-də payı 5,3% təşkil edir və inkişaf etmiş ölkələr səviyyəsindədir. Keçən il ərzində əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarının nəzarət markası ilə buraxılması təmin edilib, 100 865 (yüz min səkkiz yüz altmış beş) ədəd nəzarət markası verilib.
Aidiyyəti dövlət qurumları ilə görülən birgə tədbirlərin nəticəsi olaraq, müşahidələr göstərir ki, 2005-ci illə müqayisədə ölkədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 20%-ə, audio-video məhsul bazarında 90%-dən 53%-ə, proqram təminatında 96%-dən 71%-ə düşmüşdür.
Agentlik bir çox hallarda müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində əqli mülkiyyət hüquqları ilə bağlı aparılan məhkəmə işlərinə cəlb olunur. Agentliyin nümayəndələri 2022-ci ildə əqli mülkiyyət obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 50-yə yaxın iş üzrə 130-dan çox məhkəmə iclasında iştirak edib, hər bir iş üzrə ekspert rəyi hazırlanmış və məhkəmələrə təqdim edilib.