Keyfiyyət təminatı agentliklərinin fəaliyyətlərinin Avropa ali təhsil məkanında keyfiyyət üzrə standart və təlimatlara uyğun təşkilinə həsr olunmuş kollegial məşvərət iclası ilk dəfə Azərbaycanda keçirilib.
APA xəbər verir ki, ölkənin ali təhsil sistemində birinci dəfə keçirilən tədbirə Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyanın (ENQA) prezidenti Douglas Blackstock, Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Reyestr Təşkilatının (EQAR) direktoru Colin Tück qatılıb.
Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova xarici keyfiyyət təminat istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Plenar çıxışı olan elm və təhsil naziri Emin Əmrullayev öz çıxışında xarici keyfiyyət təminatı üzrə beynəlxalq standartların və təcrübənin öyrənilməsinin önəmini vurğulayaraq Azərbaycan təhsil məkanın Avropa ali təhsil məkanına inteqrasiyası istiqamətində əldə edilmiş nəticələr və qarşıda duran məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirin birinci gününün əsas məruzəçiləri Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyanın (ENQA) prezidenti Douglas Blackstock, Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Reyestr Təşkilatının (EQAR) direktoru Colin Tück, Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (ACA/AIKA) sədri Jolanta Silka, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və TKTA-nın Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov öz çıxışlarında ali təhsildə keyfiyyət təminatı, xarici keyfiyyət təminatı prosesində maraqlı tərəflərin iştirakı, Azərbaycanda ali təhsil və digər bu kimi məsələlərə toxunublar.
Qeyd edək ki, 2 günlük tədbirdə həm paytaxt, həm regional universitetlərin rəhbərlikləri iştirak edir.