Bələdiyyələrlə iş portalı yaradılıb.
APA xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
Nazir müavini qeyd edib ki, portal bələdiyyələrlə işin təşkilini təkmilləşdirəcək.
Qeyd olunub ki, bələdiyyələrin fəaliyyətində səmərəliliyin və aşkarlığın artırılması məqsədilə portalda ictimaiyyət üçün açıq olan faydalı bölmələr, o cümlədən ölkəmizdə yerli özünüidarəetmə sisteminin tarixi, hazırkı dövrədək keçirilən bələdiyyə seçkiləri və onların nəticələri, hər bir bələdiyyə sədri, üzv və qulluqçuları, əlaqə vasitələri, geolokasiyası və s. barədə məlumatlar yerləşdirilib.
Eyni zamanda portalda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər - metodoloji yardım və inzibati nəzarət tədbirləri öz əksini tapıb. Portal bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət icraatının avtomatlaşdırılmış rejimdə aparılmasını, o cümlədən elektron sənəd mübadiləsini mümkün etməklə, həmçinin bələdiyyələrə şəxsi kabineti vasitəsilə iclas protokollarını (aktlarını) elektron qaydada tərtib etmək imkanı yaradır.
Portalın bu gün Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda təqdimatı keçiriləcək.