Türkiyədəki zəlzələ faciəsindən dərhal sonra Cənab Prezident İlham Əliyevin tapşırığı ilə FHN-nin 760 nəfərlik qrupu Türkiyənin zəlzələ baş verən bölgəsinə ezam olmuşdu.
APA xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev "Seysmik Dayanıqlı Müasir Qurğular" adlı Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Etibar Mirzəyev deyib ki, qrupa rəhbərlik edib, oradakı vəziyyət sarcıdıcı idi:
"Yollar, binalar dağılmışdı və şəhərdə xaos hökm sürürdü. O səbəbdən, Azərbaycanda da binaların dayanıqlığının keyfiyyətinin yoxlanılması üçün monitorinqlər aparılmalıdır. Bu cür konfranslarda aidiyyəti icraat orqanlarının da iştirakı vacibdir".
General-leytenant Azərbaycanın Türkiyəyə yardımı məsələsinə diqqət çəkib:
"Biz qardaş xalqıq və qardaş olaraq, əlimizdən nə gəldisə, rəhbərlik adından, xalq adından etdik. Bizim qrup zəlzələ dağıntıları altından 53 canlı, 780 cəsəd çıxarıb ailələrinə təhvil verdi. Ümumilikdə, 1 aya yaxın müddətdə zəlzələ bölgəsində olduq. Yerli xalq deyirdi, bizi zəlzələ yox, binalar öldürdü. Bir tərəfdən baxanda, haqlıdırlar. Çünki zəlzələ olan ərazilərdə 60 faiz bina yerlə-yeksan olmuşdu".