Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İkinci Qarabağ müharibəsindən və 9/10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra Azərbaycan 30 ilə yaxın erməni işğalı zamanı əhəmiyyətini itirmiş Ermənistanla dövlətlərarası sərhədə nəzarəti bərpa edib.
APA xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Azərbaycan- Ermənistan sülh danışıqları ilə bağlı indiki vəziyyət, sülh sazişinin imzalanmasının, o cümlədən iqtisadiyyat və kommunikasiya xətlərinin açılmasının region üçün əhəmiyyəti barədə təhlilində deyilib.
O bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2021-ci il noyabrın 26-da imzaladığı növbəti üçtərəfli bəyanatda bu məsələ qaldırılıb: “Bəyanatda Rusiyanın iştirakı ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə birgə Ermənistan-Azərbaycan komissiyasının yaradılması təklif olunub. Bu məsələ 2022-ci il aprelin 6-da və mayın 22-də Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə təşkil etdiyi ikinci və üçüncü görüşlərdə də müzakirə olunub. Həmin məqsədlə aprelin 6-da Brüsseldə keçirilən sammitin yekunlarına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması qərara alınıb. Bu komissiyanın mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsindən ibarət olacaq. 2022-ci il mayın 24-də Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdiyi Birgə Sərhəd Komissiyaları ilk dəfə Ermənistan və Azərbaycan dövlət sərhədində vasitəçilərsiz görüş keçirib. Bu, 2022-ci il mayın 22-də Brüsseldə üçüncü görüş zamanı əldə olunan anlaşmanın real nəticəsi idi. Bununla belə, 2022-ci ilin sentyabrında baş verən silahlı toqquşmalar da daxil olmaqla, dövlətlərarası sərhəddə gərginlik qalmaqdadır.
Ermənistan iddia edir ki, Azərbaycan 2021-ci ilin may və 2022-ci ilin sentyabrında həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan ərazisinin bir hissəsinə nəzarət edir. 30 illik erməni işğalı səbəbindən sərhədlərin demarkasiya edilmədiyi bir şəraitdə sərhədin dəqiq yerini yalnız delimitasiya prosesi müəyyən edə bilər. Üstəlik, Ermənistan tərəfi 1991-ci ildən bəri səkkiz Azərbaycan anklavını işğalda saxlamaqda davam edir (digər birinə Azərbaycan nəzarət edir). Erməni tərəfinin anklavlar məsələsi ilə bağlı şərhləri göstərir ki, İrəvan Azərbaycanın ermənilərin sərhəd anlayışını birtərəfli qaydada tanımasını istəyir".