Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında qardaş ölkənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib.
APA-nın yerli bürosunun məlumatına görə, əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, sonra uşaqlar tədbiri açıq elan ediblər. Çıxış edənlər Türkiyə Cümhuriyyəti və Azərbaycanın tarixi bağlılığından söz açıblar. Bildirilib ki, iki ölkənin sevinci, kədəri ortaqdır və bu, qardaşlığın bariz ifadəsidir.
Qeyd olunub ki, uşaqlara hörmət və onların qayğısını çəkmək hər zaman ən böyük mədəni dəyərimiz olub və təqvimdə bu günün onlara həsr edilməsi də bu qayğının göstəricisidir.
Xatırladılıb ki, 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. Bu tarixdən 5 il sonra - 1929-cu ildən etibarən Türkiyədə 23 aprel tarixi Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb. Tədbir uşaqların hazırladıqları ədəbi-bədii kompozisiyaya ilə davam etdirilib, maraqlı rəqs və musiqi nömrələri nümayiş etdirilib.