Keçən il insan alveri qurbanı olan zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi diqqətdə saxlanılıb.
APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.
Qeyd edilib ki, hər birinə 700 manat birdəfəlik müavinət ödənilib. Qurbanlardan 73 nəfəri və ehtimal olunan bir qurban Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yerləşdirilərək hamısı tibbi (HİV, AİDS, CYÖX, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi yardımlarla və zəruri geyimlə təmin olunub.
Eyni zamanda, insan alverinin 25 qurbanı peşə kurslarına yönəldilmiş, 9-nun işlə təmin edilməsində, 2 əcnəbi qurbana müvəqqəti qeydiyyata alınmada və müvəqqəti yaşama icazəsinin verilməsində, 5 qurbana nikahın pozulması haqqında şəhadətnamə almaqda, 5 yetkinlik yaşına çatmayanın şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində və təhsil alması üçün inteqrasiya təlimli internat tipli gimnaziyaya qəbul olunmasında, 3 qurbanın cərrahiyyə əməliyyatına olan ehtiyacının ödənilməsində, 6 qurbanın xəstəxanada stasionar müalicə və 3 qurbanın ünvanlı sosial yardım almasında, azyaşlı uşaqları olan bir qurbanın daimi yaşayış yeri ilə təmin edilməsi üçün ona torpaq sahəsinin ayrılmasında, 38 qurbanın ailələrinə qayıtmasında köməklik edilib.
Qeyri-Hökumət Təşkilatlarına istiqamətləndirilmiş 81 insan alveri qurbanından isə 21 nəfərinə “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin, 17-nə “Təmas Regional İnkişaf” İctimai Birliyinin sığınacaqlarında, 21-nə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyində, 12-nə “XXI Əsrin Qadınları” İctimai Birliyində, 10-na “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyində lazımi sosial xidmətlər göstərilib.
Öz növbəsində, qeyri-hökumət təşkilatları tərəfindən Yardım Mərkəzinə yönəldilmiş 32 potensial qurbandan 11-nə tibbi, 8-nə psixoloji, 4-nə hüquqi yardımlar edilmiş, 3 nəfərin işlə təmin olunması və 1 nəfərin peşə kursuna cəlb edilməsi üçün Dövlət Məşğulluq Agentliyi qarşısında vəsatət qaldırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanlarına Yardım Mərkəzi tərəfindən isə 37 qurbana psixoloji, 8-nə hüquqi və 5-nə tibbi yardımlar göstərilib, daha 3 nəfər Dövlət Məşğulluq Agentliyinə istiqamətləndirilib.
Qurbanların uşaqları da diqqətdə saxlanılaraq 31 azyaşlı tədris ləvazimatları ilə təmin edilmiş, 16 uşaq məktəbəqədər təhsil proqramına cəlb olunub, 11 uşağa doğum haqqında şəhadətnamə alınmasında, 12 uşağın atalığının müəyyən edilib alimentlə təmin olunmasında, 2 uşağın xəstəxanada stasionar müalicə keçməsində köməklik göstərilib.
Vəkillər Kollegiyasının üzvü olan müdafiəçilər tərəfindən 39 insan alveri qurbanının məhkəmə baxışında və 60 qurbanın istintaq prosesində hüquqları qorunub, habelə “Müasir Psixologiya Mərkəzi”nin mütəxəssisləri insan alveri qurbanlarının hər birinə ixtisaslı yardımlar edib.