İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Xocavənd və Füzuli rayonlarına səfəri davam edir.
APA xəbər verir ki, nümayəndə heyəti Xocavənd rayonu ərazisindəki Azıx mağarasını ziyarət etdikdən sonra Füzuli rayonunun Horadiz kəndində olub. ANAMA-nın əməkdaşları nümayəndə heyətinə minatəmizləmə əməliyyatları barədə məlumat verib. Bildirilib ki, Horadiz kəndində 55422 kv.m ərazi mina ilə çirklənmiş hesab olunur. Son 39 gündə burada 3722 kv.m ərazi əl ilə, 17800 kv.m ərazi isə mexaniki üsulla minalardan təmizlənib. 22705 kv.m ərazinin isə təlim keçmiş minaaxtaran itlər hesabına təmizləndiyi bildirilib. Təmizləmə zamanı Ermənistan istehsalı olan 55 ədəd piyada əleyhinə mina, 210 ədəd tank əlehinə mina, 2 ədəd isə partlamamış sursat aşkarlanıb.
***
10.12
İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Xocavənd və Füzuli rayonuna səfəri başlayıb.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Füzuli rayonunda Vətən müharibəsindən sonra inşa olunan və hazırda istifadə oluna Füzuli Beynəlxalq Hava Limanında olub. Daha sonra ermənilərin xarabalığa çevirdiyi yaşayış məntəqələrini öz gözləri ilə gördükdən sonra yeni inşa olunan Füzulinin şəhər kompleksi ilə tanış olublar.
Qonaqların Füzulidən sonra Xocavəndə səfəri başlayıb.
İsveçli beynəlxalq səyahətçilər Xocavənd rayon ərazisində yerləşən və dünyanın ən qədim 3 yaşayış məntəqəsindən biri olan Azıx mağarasını ziyarət ediblər.
***
08:54
İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Qrupa “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir. Bu nüfuzlu regional klub yalnız Skandinaviya əsilli beynəlxalq səyahətçiləri birləşdirməsi ilə tanınır. Səfərə Füzuli rayonundan start verilib.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, heyət səfər iştirakçıları Ermənistanın işğal dövründə dağıntıları öz gözləri ilə görmək üçün şərait yaradılacaq. Vətən müharibəsindən sonra işğaldan azad olan torpaqlarda Azərbaycan dövlətinin apardığı yenidənqurma və bərpa işləri barədə məlumat veriləcək. Dünya səyyahlarının Füzulidə minalı ərazilərdə aparılan minatəmizləmə prosesini də izləməsi nəzərdə tutulub. İsveçli səyyahların Füzulidən sonra Xocavənd rayonunda yerləşən ən qədim insan məskənlərindən olan Azıx mağarasına, daha sonra Ağdam şəhərinə və günün sonunda Qarabağa - Talışa köçürülmüş ailələrə baş çəkəcəkləri planlaşdırılır.
Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Ağdam-Tərtər Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl (Xudafərin) rayonlarına səfər etmələri planlaşdırır.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 1-i isə 2023-cü ildə reallaşdırılıb. İsveçdən olan səfər bu qəbildən olan sayca 7-ci səfərdir.
Bu səfərlər çərçivəsində 200-dən çox dünyada tanınan səyyah Qarabağ və Şərqi Zəngəzurla yerində tanış olublar.
Hazırda İsveçdən gəlmiş heyətdə 30 nəfərdən çox beynəlxalq səyahətçi var.