Bank Of Baku

İTSDA tərəfindən alınan tibbi avadanlıqların sayı açıqlanıb

İTSDA tərəfindən alınan tibbi avadanlıqların sayı açıqlanıb
# 13 aprel 2023 11:54 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən instrumental müayinələrin aparılması üçün 40 şüa diaqnostika avadanlığı alınıb.

APA xəbər verir ki, Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, yeni avadanlıqlar müxtəlif növ travma, zədələnmə və xəstəliklərin yüksək keyfiyyətli diaqnostikasını həyata keçirmək qabiliyyətinə malikdir:

“İcbari tibbi sığorta çərçivəsində əhaliyə vaxtında tibbi xidmətlərin göstərilməsini təmin edən, xidmətlərin keyfiyyətinin artırılmasına imkan verən vacib faktorlardan biri də tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsidir. Bu il ərzində ortopedik, uroloji, qastroentoloji, travmatoloji əməliyyatlarda və digər mürəkkəb cərrahi prosedurlarda istiqamət verən 7 ədəd əməliyyatxanadaxili rentgenoskopiya avadanlığının (C-arm rentgen aparatı) həkimlərin istifadəsinə verilməsi planlaşdırılıb. Həmçinin süd vəzi xəstəliklərini erkən mərhələdə aşkarlamağa imkan verən 2 ədəd rəqəmsal mamoqrafiya cihazı da alınmışdır. Bununla yanaşı, xəstəxanalara 24 ədəd stasionar və portativ rentgen aparatı, 6 ədəd flüroskopiya cihazı paylanılacaq”.

Qeyd olunmalıdır ki, ənənəvi rentgen cihazlarından fərqli olaraq rəqəmsal rentgen avadanlıqları müayinə zamanı yüksək keyfiyyətli görüntü əldə etməyə imkan yaradır. Ehtiyac olduqda görüntünü böyütmək olur, bu isə həkimə xırda detalları belə görməyə və yüksək dəqiqliklə dəyərləndirmə aparmağa imkan verir. Bu da təkrar müayinənin keçirilməsini minimuma endirir. Portativ rentgen cihazları əsasən reanimasiya və stasionarda müalicə alan pasiyentlərin, həmçinin rentgen kabinetinə gətirilməsi tibbi cəhətdən təhlükəli olan pasiyentlərin müayinəsi üçün nəzərdə tutulub.

1 ədəd sümük densitometri alınıb. Bu cihazla sümüklərin mineral sıxlığı ölçülür, sözügedən müayinə densitometriya adlanır. Travmatologiya-ortopediya sahəsində istifadə olunan vacib müayinə üsulu Xidmətlər Zərfinə daxildir. Başlıca olaraq patoloji sümük sınıqları riskləri yüksək olan osteopeniya və ya osteoporozun diaqnostikasında istifadə olunur.

Qeyd edək ki, Agentlik tərəfindən 2022-ci ildə ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Bunlar dövlət tibb müəssisələrində ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq.

Dövlət tibb müəssisələrinin müasir diaqnostik avadanlıqlarla mərhələli şəkildə təchizatı tibbi xidmətlərə əlçatanlığı təmin edəcək. Yeni alınmış avadanlıqlar vətəndaşların yaşadıqları yerə yaxın ərazidəki dövlət tibb müəssisəsində icbari tibbi sığorta çərçivəsində instrumental müayinələrdən keçmələrinə imkan yaradacaq. Məlumat üçün bildirək ki, bəzi tibb müəssisələrində instrumental müayinələrin aparılması üçün lazımi avadanlıqların olmaması səbəbindən bu müayinələr vətəndaşlara göndəriş vərəqəsi əsasında digər tibb müəssisələrində göstərilir.

Avadanlıqların 2023-cü il ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin ehtiyaclarına uyğun təhvil verilməsi nəzərdə tutulub.

Bundan əlavə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən daxili orqanların ultrasəs müayinəsi (USM) üçün 98 tibbi avadanlıq alınıb. Tibbi avadanlıqların 61 ədədi geniş spektrli kliniki müayinələrin aparılması üçün nəzərdə tutulan USM avadanlıqlarıdır.

Bu avadanlıqlar vasitəsilə qarın boşluğu, kiçik çanaq orqanları, qalxanvari vəzi, süd vəziləri, aşağı və yuxarı ətraflar, digər orqanların müayinəsi aparılacaq. Tibb müəssisələrinin müasir tibbi diaqnostik avadanlıqlarla təchiz olunmasında məqsəd icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırmasına nail olmaqdır.

Ürək xəstəliklərinin diaqnostikası üçün yeni alınmış 35 ədəd exokardioqrafiya (ExoKQ) avadanlığı xəstəxanaların istifadəsinə veriləcək. ExoKQ ürək, ürək qapaqları, iri damarlar və s. haqqında məlumat verir. ExoKQ - ürək çatışmazlığı, anadangəlmə və qazanılmış ürək qüsurlarının, həmçinin digər ürək xəstəliklərin təyin edilməsi üçün istifadə olunan mühüm ultrasəs müayinə metodudur.

Göz xəstəliklərinin müayinəsi üçün alınmış 2 ədəd paximetriya cihazının da xəstəxanalara təhvil verilməsi planlaşdırılır. Müasir oftalmologiyada istifadə edilən bu cihazla göz alması, torlu qişa və görmə siniri ultrasəs dalğalarla müayinə edilir. Bu cihazla qlaukoma (qara su) və gözdaxili təzyiq kimi xəstəliklərin diaqnostikası aparılır. Ənənəvi vizual baxışdan fərqli olaraq paximetriya cihazı oftalmoloqa dəqiq diaqnoz qoymağa icazə verir.

Qeyd edək ki, ultrasəs müayinə əlçatan, informativ və təhlükəsiz olduğu üçün xəstəliklərin diaqnostikasında ən çox istifadə edilən üsullardan biridir. Bu müayinə metodunun üstünlüklərindən biri də odur ki, orqanizm zərərli radioaktiv şüalanmaya məruz qalmır. Pasiyentin orqan və toxumaları ultrasəs dalğaları vasitəsilə müayinə edilir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ultrasəs müayinə metodu ilə aparılan diaqnostik xidmətlər daxildir. Bura qarın boşluğu, döş qəfəsi və çanaq orqanları, süd vəzi, qalxanvari vəzi, qulaqdibi vəzi, tüpürcək vəzi, göz və beynin ultrasəs müayinəsi daxildir. Həmçinin vena və arteriyaların rəngli dopleraqrafiyası, exokardioqrafiya, kardiotokoqrafiya kimi ultrasəs müayinələr icbari tibbi sığorta çərçivəsində tam qarşılanır.

Ultrasəs müayinəsi üçün nəzərdə tutulan 24 ədəd cihaz artıq Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə paylanılıb. Digər avadanlıqların 2023-cü il ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinin ehtiyaclarına uyğun təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Agentlik tərəfindən 2022-ci ildə ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Bunlar dövlət tibb müəssisələrində ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR