Bank Of Baku

Mirhəsən Həsənov: Çernobıl əlilləri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar

Mirhəsən Həsənov, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri

© APA | Mirhəsən Həsənov, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri

# 26 aprel 2023 17:14 (UTC +04:00)

Çernobıl atom elektrik stansiyasında (AES) 1986-cı il aprelin 26-da baş verən qəzanın ləğvində 8 mindən çox azərbaycanlı iştirak edib.

Bunu APA-ya açıqlamasında “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib.

Mirhəsən Həsənov deyib ki, AES-də qəzanın ləğv edilməsində iştirak edən azərbaycanlılardan artıq 3 min nəfərdən çoxu dünyasını dəyişib: “1986-1990-cı illərdə məxfilik rejimi qorunurdu, o dövrdə də Çernobıl AES-də qəzanın ləğv edilməsində iştirak edənlərdən xeylisi, o cümlədən bu insanların övladları ana bətnində, yaxud doğulandan bir müddət sonra dünyalarını dəyişib. Çernobılçıların uşaqdarının bir qismi isə əlil olub. O dönəmdə çernobılçıların sosial hüquqları ilə bərabər müalicə və müayinələri istiqamətində heç bir iş görülmürdü. 1990-cı ildə Azərbaycanda, o cümlədən Rusiyada, Ukraynada, Belarusda və digər SSRİ ölkələrinə çernobılçılar küçələrə axışdı, sağlamlıq durumlarının araşdırılması, müayinə və müalicə məsələləri dövlət qarşısında qaldırıldı. Bununla əlaqədar Azərbaycan Çernobıl Əlilləri İttifaqı təsis edildi. O dövrdən sonra Çernobıl əlillərinin sosial hüquqlarının həyata keçirilməsinin şahidi olduq”.

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri qeyd edib ki, 1993-cı ilə qədərki dövrdə Azərbaycanda qəbul edilən qanunlar, qərarlar Çernobıl əlillərinin hüquqlarının tam müdafiəsi yetərli olmayıb: “1993-cü ilə qədər Çernobıl əlillərinə əlillik dərəcəyi 1 il müddət üçün müəyyənləşdirilirdi. 1 il keçdikdən sonra bəlli sənədlər tələb olunur, 4-5 ay pensiya məbləğinin ödənilməsi müqabilində qarşıdakı ildə onun əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsi həllini tapırdı. Bu vəsaiti vermədikdə onların əlillik dərəcəsi ləğv olunurdu. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Çernobıl əlillərinin real durumu ilə bağlı məlumatları təqdim edə bildik. Məhz Ulu öndərin təşəbbüsü ilə 6 dekabr 1993-cü ildə Milli Məclis Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların status və sosial müdafiəsi haqqında qanun qəbul edildi. Çernobıl əlillərinə həmin qanunda müvafiq statusun, güzəştlərin verilməsi öz həllini tapdı. Bu günə qədər Çernobıl əlilləri xüsusən həmin qanun aktından yararlanırlar. Ondan sonrakı digər qanunvericilik aktlarında Çernobıl əlillərinin sosial hüquqları ilə bağlı müvafiq maddələr öz əksini tapıb. 1993-cü ildən etibarən atılan addımlar Çernobıl əlillərinin yaddaşından heç vaxt silinməyəcək. Çernobıl əlilləri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar”.

Mirhəsən Həsənov qeyd edib ki, Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin qayğısı sayəsində sosial yönümlü qanunvericilik aktlarında Çernobıl əlillərinin hüquqlarının təmini ilə bağlı müvafiq müddəalar yer alıb, Çernobıl əlillərinə xüsusi qayğı göstərilir: “9 sentyabr 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı müharibə əlillərinə Prezident təqaüdünün təsis edilməsi ilə bağlı fərmanla o vaxt hərbi xidmətdə olan Çernobıl əlilləri də bundan bəhrələndilər. Pensiya təminatından əlavə Çernobıl əlillərinə Prezident təqaüdünün təyin edilməsi məsələsi həllini tapdı”.

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri nəzərə çatdırıb ki, əsas problemlərdən biri Çernobıl əlillərinin mənzillə təminatı olub: “2021-ci ilə qədər bu problem qismən həllini tapırdı. Yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən binalarda şəhid ailələri və Qarabağ əlilləri üçün inşa olunmuş binalarda bir neçə mənzil Çernobıl əlillərinə verilirdi. 2021-ci il yanvarın 25-dən Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən şəhid ailələri və müharibə əlilləri üçün Tədbirlər Planında Çernobıl əlillərinin mənzil təminatı ilə bağlı bənd əksini tapdı. O zamandan indiyə qədər 371 Çernobıl əlili Bakı, Sumqayıt, Abşeron, Samux, Goranboy və digər rayonlarda mənzillə təmin olunub. Çernobıl əlillərinin sosial hüquqlarının müdafiəsi istiqamətində işlər davam etdirilir”.

Mirhəsən Həsənov nəzərə çatdırıb ki, hər il ənənəvi olaraq Çernobıl qəzasının ildönümündə qəzanın ləğvində iştirak etmiş insanlar Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir, məzarı önünə əklil qoyub, tər güllər düzürlər. Eyni zamanda Şəhidlər xiyabanı ziyarət olunur: "Ümummilli liderin Çernobıl əlillərinə qayğısını heç vaxt unutmayacağıq. Bu il Heydər Əliyevin 100 illiyidir, xüsusi bir tarixdir. Bu il də Çernobıl əlilləri bir araya gələrək Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etdilər. Daha sonra Çernobıl əlilləri Şəhidlər xiyabanını ziyarət etdilər”.

O qeyd edib ki, Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti , Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində gördüyü işlər xalqımız və dövlətimizin gələcəyi üçün çox böyük işlərdir: “Çernobıl əlilləri hər zaman Prezidentimizin yanındadır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR