Bank Of Baku

"Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilib - FOTO

"Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilib  - FOTO
# 26 aprel 2023 12:15 (UTC +04:00)

“Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilib.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov müasir müstəqil Azərbaycanın Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirası olduğunu bildirib.

O qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini yenicə bərpa etmiş, amma “ya olum, ya ölüm” dilemması qarşısında olan Azərbaycan xalqı düzgün seçim etməklə ölkənin xilasına, rifah və tərəqqi yoluna çıxmasına, respublikamızın əsl müstəqillik qazanmasına nail olub.

"Söhbət o zamana qədər Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahını təmin edən və gələcək müstəqilliyinin əsaslarını formalaşdıran, Sovet İttifaqı dövründə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olan, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqımızın rifahı və firavanlığı naminə vacib işlər görən, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi blokada vəziyyətində olan muxtar respublikanı ağır sosial-iqtisadi vəziyyətdən və tənəzzüldən xilas edərək dirçəlişini təmin edən və Türkiyə başda olmaqla bir sıra xarici dövlətlərlə beynəlxalq əlaqələrini genişləndirən, ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızın qaldırılmasına müvəffəq olan və bütövlükdə ölkəmizə mühüm nailiyyətlər qazandıran Heydər Əliyevin xalqın təkidli tələbi ilə tarixi-siyasi məsuliyyəti öz üzərinə götürməsindən, respublikamızı siyasi təlatümlərdən, iqtisadi böhrandan, regional təcrid vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarmasından, güclü – qüdrətli və nüfuzlu dövlətə çevirməsindən gedir. Məlumdur ki, ölkədə iqtisadi böhran və siyasi hərc-mərcliyin hökm sürdüyü, Ermənistan tərəfindən respublikamızın ərazi bütövlüyünə qəsd edildiyi – torpaqlarımızın ard-arda işğal olunduğu ağır, acınacaqlı və mürəkkəb bir şəraitdə Azərbaycan xalqı çıxış yolunu qətiyyətli və vətənpərvər, zəngin idarəetmə təcrübəsinə malik lider – dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşməkdə görmüşdü. Təbii ki, xalqın Heydər Əliyevə inamı təsadüfi deyildi, konkret reallıqlara əsaslanırdı, Ulu Öndərin ayrı-ayrı dövrlərdə və müxtəlif vəzifələrdə xalqımız qarşısındakı misilsiz xidmətlərindən qaynaqlanırdı. Bu inam və etimadın bariz təzahürü kimi Azərbaycan xalqının qabaqcıl nümayəndələrindən olan 91 nəfər ziyalının müraciəti əsasında 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması xalq-Lider birliyi və milli həmrəylik şəraitində qarşıda duran milli vəzifələrin yerinə yetirilməsində müstəsna rol oynadı" - deyə o bildirib.

YAP sədrinin müavini əlavə edib ki, Ümummilli Liderin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri naminə müstəsna xidmətlərindən biri siyasi varisliyin təmin olunmasıdır.

"Ulu Öndərin siyasi varisi olan cənab İlham Əliyev 2003-cü ildə xalqın iradəsi ilə Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Azərbaycan dövləti öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın mübarizə ruhu, əzmkar mövqeyi sayəsində yeni zirvələrə doğru inamla irəliləməyə başladı, bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik uğurlar əldə olundu. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması – 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsidir.

Bir sözlə, Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan, milli maraqlara və müasir çağırışlara cavab verən ardıcıl siyasəti Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin isə gerçəkləşməsini mümkün edən başlıca amildir. Bu gün dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin ruhu şaddır. Çünki Onun vəsiyyəti siyasi varisi, dövlətimizin başçısı, partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yerinə yetirilmişdir: Azərbaycan Ulu Öndərin arzuladığı - görmək istədiyi kimi qüdrətli, əzəmətli və qalib dövlətdir!" - deyə Tahir Budaqov bildirib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında bildirib ki, konfrans 2 gün ərzində 3 bölmədə işini davam etdirəcək, 110-dan çox məruzə dinləniləcək.

"Konfransın işində ölkəmizin müxtəlif qurumlarından olan alimlərlə yanaşı, doğma Türkiyə və İsraildən də qonaqlar iştirak edir. Konfransın plenar iclasının Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən bu möhtəşəm sarayda keçirilməsinin də böyük rəmzi mənası var. 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsini xalqımız xoş ovqat və böyük sevinc hissi ilə qarşılayır. Bu gün qədirbilən xalqımız onu ağır sınaqlardan müdrikliklə, ağlın, idrakın yenilməz gücü ilə çıxarmış, işığa, nura qovuşdurmuş Ulu öndər Heydər Əliyevi minnətdarlıqla yad edir. Əziz və unudulmaz xatirəsi hər zaman bizimlə olan Ümummilli Liderimizin mənəvi ömrünün 100-cü zirvəsindən ötən illərə baxdıqca, bir daha şahid oluruq ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyev siyasəti dayanır – Bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır" - deyə o qeyd edib.

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkədə elmin, təhsilin, mədəniyyətin inkişafında Heydər Əliyevin əvəzolunmaz xidmətləri olduğunu ifadə edib. O bildirib ki, xüsusən 1970-1980-ci illəri təhsil sahəsinin qızıl dövrü adlandırmaq olar.

"Həmin müddətdə xeyli sayda məktəb binası tikilərək, istifadəyə verilib, ali təhsilli şəxslərin əsrin əcvəli ilə müqayisədə dəfələrlə artıb. Məhz bu dövrdə Azərbaycanın elm və təhsil sahəsində geriyə dönüşü olmayan müsbət dinamikanın təməli qoyulub. Son illərdə 3500-dən çox məktəb binası ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir olunub. Bu gün hər 4 məktəbdən 3-ü müasir ingrastruktura malikdir" - deyə nazir əlavə edib.

Tədbirdə həmçinin YAP sədrinin müavini Əli Əhmədov, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli və digər şəxslər çıxış edərək Heydər Əliyev kursundan danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR