Naxçıvanda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin xatirəsi anılıb, Akademik Zərifə xanım Əliyevaya həsr olunmuş filmin təqdimatı olub.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Naxçıvan Tibb Kollecinin tələbə və müəllim heyəti, həkimləri, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları iştirak ediblər.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qeyd edib ki, Naxçıvan şəhərində Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə keçirilən konfrans yubiley tədbirləri silsiləsində mühüm əhəmiyyət kəsb edir: “Buna görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onlar ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edirlər. Bu dünyaya insanların xoşbəxtliyi üçün gələnlərdən biri də Zərifə xanımdır. Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur”.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyinin geniş şəkildə qeyd olunduğunu diqqətə çatdıraraq bildirib ki, Zərifə xanım Əliyevanın xidmətləri sayəsində ötən əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elmi inkişaf edən sahələrdən birinə çevrilib: “Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə bağlı tədbirdə iştirak etmək kifayət qədər həyəcanlandırıcı və təəssürat verən hadisələrdir. Xüsusilə, mənə xatirə kitabına onun haqqında fikirlərimi, təəssüratlarımı yazmaq çox təsirli oldu. Heydər Əliyevin, Zərifə xanımın Azərbaycan üçün etdikləri, çəkdikləri əziyyətlər bir-bir gözümün önündən gəlib keçdi”.
Bahar Muradova qeyd edib ki, Zərifə xanımın 100 illik yubileyi çərçivəsində Təhsil Nazirliyi, eləcə də yerli Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan nümayəndəliyi ilə birgə böyük tədbir keçiriləcək: "Etiraf edim ki, bu, çox həyəcanlı bir tədbir hazırlığı oldu. Eyni zamanda, biz konfransdan sonra Zərifə xanım Əliyevanın anadan olduğu Şahtaxtı kəndinə səfər edəcək, kənddə onun adını daşıyan tam orta məktəbdəki muzeylə də tanış olacağıq".
Daha sonra konfransda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova, Akademik Zərifə Əliyeva adına Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbinin direktoru, Yeni Azərbaycan Partiyasının Kəngərli Rayon Təşkilatının sədr müavini Ehtimad Əliyev və Zərifə Əliyeva adına Fəxri təqaüdçü – Naxçıvan Dövlət Universitetinin tibb ixtisası üzrə I kurs tələbəsi Püstəxanım Quliyeva çıxış ediblər.
Eyni zamanda konfransda “Azərbaycan qadını, anası, həkimi - Akademik Zərifə xanım Əliyeva” mövzusunda keçirilən müsabiqə qaliblərinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üzrə yüksək təhsil göstəricisi olan tələbələrin mükafatlandırılması mərasimi keçirilib.
Konfransın bədii hissəsində Naxçıvan şəhər 8 və 11 nömrəli Körpələr Evi Uşaq Bağçasında tərbiyə alan uşaqların ifasında kompozisiya, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında dahi şəxsiyyətlərin akademik Zərifə xanım Əliyeva haqqında fikirləri, o cümlədən Naxçıvan Dövlət Universitetinin simfonik orkestrinin ifasında mahnı və rəqs nömrələri səsləndirilib.
Konfransdan sonra qonaqlar akademik Zərifə Əliyeva adına Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbində Zərifə Əliyevanın büstünün önünə gül qoyublar və məktəbdə təşkil olunmuş muzeylə tanış olublar. Eyni zamanda, qonaqların Muxtar Respublikada gəzintisi təşkil olunub.