Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Naxçıvanda tədbir keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də iştirak edib.
Çıxışlar zamanı Ulu Öndərin zəngin həyat yolu və Azərbaycan xalqının rifahı, dövlətimizin siyasi müstəqilliyi və davamlı inkişafı uğrunda yorulmaz fəaliyyəti, o cümlədən onun həyatının Naxçıvan mərhələsi haqqında bəhs edilib.
Müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmasında, dövlətimizin müstəqil xarici siyasət strategiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb.
Qeyd olunub ki, Heydər Əliyevin xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni-yeni hədəflərə istiqamətlənir.
Ermənistanın işğalçılığı və düşmənçilik siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının 30 ilə yaxın müddətdə blokada şəraitində olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Zəngəzur dəhlizinin açılması ilə həm bu blokadaya son qoyulacaq, həm də muxtar respublika öz tranzit-nəqliyyat imkanları ilə bütün bölgənin iqtisadi inkişafına töhfə verəcək.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş video-çarx nümayiş etdirilib. Tədbir, Naxçıvan Dövlət Universitetinin simfonik orkestrinin konserti ilə yekunlaşıb.