Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (PHEIC) statusunun bitdiyini bəyan edib.
APA CNN-ə istinadən xəbər verir ki, ÜST-ün Beynəlxalq Fövqəladə Səhiyyə Tənzimləmələri Komitəsinin 15-ci iclasında COVID-19 pandemiyası müzakirə edilib.
Qeyd olunub ki, təşkilatın Baş katibi Tedros Adhanom Gebreyesus komitənin COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti statusunun ləğv edilməsi təklifi ilə razılaşıb.
“Bir ildən çoxdur ki, pandemiya azalma trendi göstərib. Bu trend bir çox ölkələrə COVID-19-dan öncəki həyata qayıtmaq imkanı verib. Dünən fövqəladə vəziyyət komitəsi 15-ci dəfə görüşüb və mənə tövsiyə edib ki, mən beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyətinin bitdiyini elan edim. Mən tövsiyəni qəbul etmişəm.
Böyük ümidlərlə mən COVID-19-un qlobal səhiyyə üçün fövqəladə vəziyyət olmasının bitdiyini elan edirəm”, - Gebreyesus mətbuat konfransında deyib.
Qeyd edək ki, ÜST-ün beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (PHEIC) elan etməsindən sonra ölkələr təşkilatın tövsiyələrinə riayət etmək öhdəliyi daşıyırlar. Eyni zamanda, hər bir ölkə özünün milli fövqəladə səhiyyə vəziyyətini bəyan edir.
***
17:28
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 üçün pandemiya statusunu ləğv edib.
APA xəbər verir ki, bu barədə qurumun Baş katibi Tedros Qebreyesus məlumat verib.
Tedros Qebreyesus bəyan edib ki, COVID-19 indi oturuşmuş və davam edən səhiyyə məsələsidir və artıq beynəlxalq narahatlığa səbəb olan ictimai sağlamlıq üçün fövqəladə vəziyyət deyil.
Bununla belə, Qebreyesus qeyd edib ki, bu, koronavirusun səhiyyə sahəsinə qlobal təhlükə olmadığı anlamına gəlmir.
O bildirib ki, koronavirus hələ də qalır, buna görə də bütün dövlətlər digər yoluxucu xəstəliklər kimi, COVİD-19-la da mübarizənin yollarını öyrənməlidir.
Koronavirus pandemiyası başlayandan 20 milyon insan xəstəlikdən dünyasını dəyişib.